26 sentyabr 2024 23:54
87

Cəsur döyüşçü

Aqil Əkbərov uşaqlıqdan Vətəninə ürəkdən bağlanmışdı. Odur ki, məqamında sinəsini ona sipər etməyi bacardı. Bir də düşmənə sonsuz nifrət sanki Aqilin varlığına hakim kəsilmişdi. Qarabağda keçirilən antiterror zamanı yağıya qan qusdurub, ürəyincə qissa aldıqdan sonra Vətən sevdalı ürəyi əbədi dayanıb. Və bu şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan, cəsurluq, igidlik , mərdlik nümunəsi olan Azərbaycan ordusunun mayoru şəhid Aqil Əkbərov ürəklərdə yaşamaqla gəlib ömrünün 39 ilinə çatdı. Bu münasibətlə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində tədbir keçirildi.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin dostları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdikləri tədbirdə Vətəni canından üstün tutan qəhrəmanın şəxsi əşyaları, eləcə də müxtəlif illərdə çəkilmiş fotolardan ibarət sərgi nümayiş olundu. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ulu öndər Heydər Əliyevin, tarixin səhifəsində şərəfli yer tutan Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Şəhid Aqil Əkbərovun həyat yolu haqqında video çarx göstərildi, sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova dedi:- Vətən, torpaq yolunda canını şüurlu surətdə fəda edib, şəhidlik zirvəsinə ucalanlar heç zaman unudulmaz, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillərə bir nümunə olacaq.

Çıxışından sonra şəhidin ailə üzvlərinə Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Aqil Əkbərovun portretini təqdim etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli əsgər və zabitlərin qətiyyəti sayəsində 30 il düşmən tapdağında olan Vətən torpaqlarının işğalından azad edilməsi ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva onu da vurğuladı ki, Aqil kimi qəhrəmanlar cismən aramızda yoxdurlar, onlar hər an sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

Digər natiqlər də şəhid Aqil Əkbərovun həyat və döyüş yolundan, 44 günlük haqq savaşımızda qazanılan qələbədə igid Vətən övladlarının göstərdikləri qəhrəmanlıqdan danışdılar, həmçinin bildirdilər ki, Vətən, torpaq yolunda şəhid olmaq böyük şərəf və qürurdur. Bu müqəddəs yolu seçənlər isə heç zaman ölmürlər.

Tədbirin bədi hissəsində məktəblilər Vətən və şəhidlərə həsr olunan milli ruhda şerlər söylədilər. Sözləri Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadixovaya, musiqisi bəstəkar-musiqişünas Zəminə Taryelqızıya aid olan şəhid Aqil Əkbərovun əziz xatirəsinə həsr olunan mahnı səsləndi.

Yekunda şəhid Aqil Əkbərovun ailə üzvləri onunla bağlı xatirələrini dilə gətirib, tədbir iştirakçılarına və təşkilatçılarına minnətdarlıq etdilər.

Lənkəranın Xolmili kəndində dünyaya göz açan tabor komandiri mayor Aqil Əkbərov hələ uşaqlıqdan atası kimi hərbiçi olmağı, düşməndən qisas almağı arzulayıb. Orta məktəbi bitirib, yüksək qiymətlə Ali hərbi məktəbə daxil olub. Xidmət dövründə də sayılıb-seçilən zabit olub, Vətənə layiqincə xidmət etməyi özünə ən müqəddəs borc bilib. Aqilin özündən sonra xalqına bir övladı yadigar qalıb. Dövlət tərəfindən isə ölümündən sonra “Azərbaycan bayrağı” ordeninə, “Cəsur döyüşçü” medalına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü