27 sentyabr 2024 22:51
94

Qarabağ Universitetinin tələbəsi: Azad edilmiş yurdumuza bizimlə bərabər yeni nəfəs qayıdır

Bizi xoşbəxt gələcəyə aparan bu qürurverici yolda hər zaman Müzəffər Ali Baş Komandanımızın yanındayıq və verdiyi hər bir qərarda dövlətimizin başçısını dəstəkləyəcəyik

Nəhayət ki,  Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində tədris başlayıb. Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.

Bütün tədris binaları əsaslı təmir olunub. Əsas tədris binasının fasadı yenilənib, kommunikasiya xətləri quraşdırılıb, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

“İki sahil” olaraq Qarabağ Universitetinin ilk tələbələrindən bir qrupu ilə həmsöhbət olduq:

Bu ali təhsil ocağının ilk tələblərindən biri olmasının qüru­runu yaşayan Səma Soltanova burada xanəndəlik ixtisası üzrə təhsil alır: “Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin məzunuyam.  Çox böyük qürur  və sevinc hissi keçirirəm ki, işğaldan azad olunan torpaqda yerləşən universitetdə təhsil alıram və bu  ali məktəbin ilk xanəndə tələbəsiyəm. Əminəm ki, Qarabağ Universiteti nəinki Azərbaycanın, eləcə də dünyanın ən qabaqcıl təhsil müəssisələrindən biri olacaq. Dövlətimizin başçısına təşəkkürümü bildirirəm ki, bizim yaxşı təhsil almağımız üçün belə gözəl şərait yaradıb. Torpaqlarımızın azadlığı uğrunda savaşan igidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzu edirəm”.

Həmsöhbətimiz qeyd etdi ki, universitetdə dərslər çox gözəl və maraqlı keçir: “Çox mehriban müəllim kollektivimiz var. Onlar bizlərlə tək müəllim-tələbə yox, həm də dost münasibəti yaradırlar. Gələcəklə bağlı fikrim magistr pilləsi üzrə təhsili alıb, seçilən xanəndə müəllimlərdən olum”.

Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Elgün Cümşüdov da  Qarabağ Universitetində təhsil almağın çox qürurverici bir hiss olduğunu diqqətə çatdırdı: “Həqiqətən də 30 ildən artıq işğal altında olan bu torpaqlara qayıtmaq və üstəlik Qarabağın adını daşıyan bu universitetdə təhsil almaq hüququnu qazandığım üçün özümü çox şanslı sayıram. Qarışıq gözəl duyğular yaşayıram. Bu gözəl hissləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, hər qarış torpaq üçün canından keçən şəhidlərimizə, qazilərimizə sonsuz minnətdaram”.

Elgünün sözlərinə görə, Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını oxuyan zaman qərar verib  ki, bu universitetin tələbəsi olacaq: “Mən özüm qarabağlı ailəsində doğulub böyümüşəm.  Hər iki valideynim ziyalıdır və onlar bizi çox vətənpərvər ruhda böyüdüblər. Qarabağ Universitetini seçirəm deyəndə valideyinlərim  hər zaman olduğu kimi mənə dəstək çıxdılar. Onlar da bu universitetin mənə çox gözəl təhsil verəcəyini, gələcəkdəki perspektivlərini, Avropa standartlarına uyğun təhsil sistemi qurulduğu üçün çox prestijli olacağını vurğuladılar. Düşünürəm ki, Qarabağ Universiteti dünyanın ən nüfuzlu universitetlərinden birinə çevriləcək. Düşmən tapdağından azad edilmiş yurdumuza bizimlə bərabər yeni nəfəs qayıdır. Bizi xoşbəxt gələcəyə aparan bu qürurverici yolda hər zaman Müzəffər Ali Baş Komandanımızın yanındayıq və verdiyi hər bir qərarda dövlətimizin başçısının dəstəkçisiyik.

Həmsöhbətimiz vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etməsini, ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü heç vaxt yaddaşımızdan silinməyəcək. Bu tarixi anlara şahidlik etdiyim üçün çox qürurluyam və özümü çox şanslı hiss edirəm.

Müsahibimiz diqqətə çatdırdı ki, gələcəklə bağlı planlarım böyükdür. Qarabağ Universitetinin məzunu olaraq  bu təhsil ocağının adını hər yerdə önə çıxarmaq, seçdiyim ixtisasa layiqincə yiyələnmək, əsl mütəxəssis olmaq niyyətindəyəm.

Qarabağ Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan  Aynur Süleymanlı bildirdi ki, ilk təəssüratlarım qəribədi: “Özümü öz yurdumdakı kimi hiss elədim, sanki ailəmdən heç ayrılmamışam.  Müəllimlərimiz xaricdə təhsil alan peşəkar kadrlardır.  Müəllimlərimiz bizə çox kömək olur. Gələcəkdə çox yaxşı siyasətçilərdən olmaq istəyirəm ki, dövlətimizi uğurlu bir şəkildə təqdim edim. İnşallah olacağam. Bu yolda Qarabağ Universitetinin heyəti  ilə irəliləmək çox gözəl hissdir. Prezident İlham Əliyev universitetimizin açılışında iştirak etdi. Cənab Prezidentlə görüşdə mən də iştirak edirdim. Çox həyəcanlı idim. Bu görüş həm də məndə böyük məsuliyyət hissi yaratdı.”

Etiram Ağazadə isə ilk təhsilini 2012-ci ildə Ordubad Rayon Kotam kənd tam orta məktəbində alıb: “Qarabağ Universitetinə qəbul olunduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Qarabağ Universitetinin İncəsənət fakültəsində Fortepiano ixtisası üzrə təhsil almaq mənim üçün ən sevindirici haldır. Bizim üçün Universitet və tələbə yataqxanasında yaradılmış şəraitlə tanış olduqdan sonra isə çox düzgün seçim etdiyimi bir daha anladım. Bunun üçün cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərimi bildirirəm. Sentyabrın 20-si Qarabağ Universitetinin açılışının olması və eyni zamanda, dövlət başçısının müəllim və tələbə heyəti ilə görüşü,bizimlə bu qədər yaxından maraqlanmağı çox qürurverici idi”.

Həmsöhbətimiz vurğuladı ki, çox həvəslə dərslərə gedirik: “İlk öncə onu demək istəyərəm ki, müəllimlərin çox qayğıkeş olmaqları, bizlərlə çox mehriban davranmaqları sevindirici haldır. Dərslərin yüksək səviyyədə keçilməsi, xüsusən ingilis dili dərsinin hər gün və professional səviyyədə tədrisi bizləri çox sevindirir. Gələcək planlarımda xarici ölkələrə çıxmaq olduğu üçün ingilis dili dərsinə xüsusilə diqqət yetirirəm. Paralel olaraq digər dərslərdə çox maraqlı keçir. Mən və tələbə yoldaşlarım dərslər də həvəslə iştirak edirik. Qarabağ Universitetindəki dərs sistemi və nizam- intizamın bu qədər yaxşı olması üçün əziyət çəkən hər kəsə, o cümlədən rektorumuz Şahin Bayramova və İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadəyə minnətdarlığımı bildirirəm.”

Yaqut Ağaşahqızı, “İki sahil”