28 sentyabr 2024 10:20
100

Azərbaycanın Afrika İttifaqı ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Mali Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud perspektivləri, habelə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

Ölkələrimiz arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd olunub, münasibətlərin ikitərəfli səviyyədə inkişafı baxımından bu kimi təmasların, qarşılıqlı səfərlərin davam etdirilməsi, habelə iki ölkə arasında siyasi məsləhətləşmələr kimi mexanizmlərdən istifadənin vacibliyi vurğulanıb. Qoşulmama Hərəkatına sədrliyimizin Afrika ölkələri ilə əlaqələrimizə verdiyi təkanın davam etdirilməsi istiqamətində Azərbaycanın Afrika İttifaqı ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti və bu istiqamətdə bir sıra perspektivlərin mövcudluğu qeyd olunub.

Ceyhun Bayramov qarşı tərəfi COP29 sədrlik fəaliyyətimiz, əsas prioritetlər barədə ətraflı məlumatlandırıb. COP29 sədrliyimizin, xüsusilə az inkişaf etmiş, dənizə çıxışı olmayan və kiçik ada ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə səylərinin dəstəklənməsinə, onların həssaslıqları ilə bağlı zəruri tədbirlərin görülməsinə hədəfləndiyi diqqətə çatdırılıb, sədrlik təşəbbüslərimizin əksəriyyətinin bu istiqamətə həsr olunduğu qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.