01 oktyabr 2024 18:19
91

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Bu barədə "İki sahil"ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Regional Mərkəzi tərəfindən “Rayon (şəhər) Fövqəladə hallar komissiyalarının sədrləri”, “Rayon (şəhər) Mülki Müdafiə xidmətlərinin rəisləri” və “Obyekt Fövqəladə hallar komissiyalarının sədrləri”, Sumqayıt Regional Mərkəzi tərəfindən “Sanitar manqa komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Qəza texniki manqa komandirləri”, Cənub Regional Mərkəzi tərəfindən “Yanğınsöndürmə manqalarının komandirləri” və “Bələdiyyə sədrləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Rabitə manqa komandirləri”, “Qəza-bərpa manqa komandirləri” və “Kəşfiyyat manqa komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr”, Aran Regional Mərkəzi tərəfindən “Yanğınsöndürmə manqa komandirləri” və “Qəza-texniki manqalarının komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Xilasetmə manqasının komandirləri”, Qarabağ Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.