YAP Şərur rayon təşkilatı, 3 oktyabr 1993-cü il Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən prezident seçilməsinin 31-ci ildönümü həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Qüdrətli Azərbaycanın təməli” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, oktyabr ayının 2-də keçirilmiş tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri açıq elan edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev məruzəsində, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyini xatırladıb: “Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə - doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 97,7%-i iştirak etmişdi. Onların 98,8%-i Heydər Əliyevin lehinə səs vermişdi. Xalq Azərbaycan dövlətinin nicatını və inkişafını Heydər Əliyev şəxsiyyətində və siyasətində görürdü. Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasının sayca üçüncü prezidenti oldu. Azərbaycan Respublikası Prezidentinin and içməsi qaydası haqqında 1992-ci il 16 iyun tarixli Azərbaycan Respublikasının qanununun qüvvədən düşməsi haqqında oktyabrın 9-da qanun qəbul edildi.1993-cü il oktyabrın 10-da Respublika Sarayında andiçmə mərasimi keçirildi. Bununla da Azərbaycan xalqının və dövlətçiliyinin tarixində yeni bir mərhələ başladı. Bu, dövlət quruculuğunun təşkil edilməsi, müasir dövlətin qurulması, Ermənistanın hərbi təcavüzünün dayandırılması, ölkə həyatının bütün sahələrində islahatların aparılması və inkişafı mərhələsi idi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 21 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçib”.
Əmir Babayev qeyd edib ki, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı: “Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik. Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmişdir. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq. Beləliklə Müstəqil Azərbaycan dövlətinin 3 oktyabr prezident seçkiləri ilə başlayan quruculuq və inkişaf yolunu İlham Əliyev Müzəffər Ali Baş Komandan və qalib Prezident kimi daha şanlı və qürurlu dövlət olaraq davam etdirir. 30 il öncə Azərbaycan Prezidenti seçilən unudulmaz rəhbərin arzu və istəkləri bu gün həyata keçib. Bu gün ərazi bütövlüyünü bərpa etmiş, iqtisadi və siyasi baxımdan qüdrətli dövlətin vətəndaşı olaraq yaşadığımız qürur və xoşbəxtliyə görə hər birimiz Ulu Öndərə borcluyuq. Azərbaycan var olduqca Ümummilli Lider də bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq”.
Sonra tədbirdə məruzə ətrafında Şərur rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin tərtibatçı rəssamı Turanlı Xumar, Mərkəzləşdirilmiş Kitabxana sistemi ərazi partiya təşkilkatının sədri Vəlibəyli Elnarə çıxış ediblər.
Sonda Əmir Babayev tədbirə yekun vurub.