05 oktyabr 2024 17:01
107

"Sarıqışlaq"ın üstünlükləri

"Sarıqışlaq" Su Elektrik Stansiyası (SES) havaya atılan 14 ton karbon qazının qarşısını alır.

“İki sahil” xəbər verir ki, bunu "Azərenerji" ASC-nin "Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin direktoru Ramiz Vəliyev deyib. Onun sözlərinə görə, "Sarıqışlaq" SES Zəngilan rayonunda Oxçuçay üzərin yerləşən silsilə tipli 4 stansiyadan biridir: “Bundan əvvəl Zəngilan, Cahangirbəyli, Şayıflı SES-lər Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Hazırda "Sarıqışlaq" SES 10,5 meqavat gücündə yüklə işləyir. Bu 4 stansiya 70 % gücündə yüklə işləyə bilirlər. Stansiyanın turbinlərində ekoloji normalara sərf olunan, yəni “yaşıl enerji”nin istehsalı üçün derivasiya borularından keçən 2 ədəd ekoloji turbin quraşdırılıb ki, qəza halında bu turbinlər çayda suyu saxlamaqla öz enerjisini və çayda suyun məcrasını saxlaya bilir”.

R.Vəliyev qeyd edib ki, hazırda "Sarıqışlaq" SES-də 110 kilovoltluq açıq paylayıcı tərtibat tikilib: “Bu da nəinki “Sarıqışlaq” SES-in enerji sisteminə ötürülməsini, hətta “Şayıflı” SES-in enerji sisteminə ötürülməsinə böyük töhfə verir: “İl ərzində "Sarıqışlaq" SES 33,3 milyon kilovat-saat enerji istehsal edir. Stansiya havaya atılan 14 ton karbon qazının qarşısını alır. Bundan başqa, 33,3 milyon kubmetr qaza qənaət edir”.

“Azərenerji” rəsmisi qeyd edib ki, başqa SES-lərdən fərqli olaraq 24 saat dayanmadan işləyən bu 4 silsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən ən böyük stansiyalardan biridir və hazırda 24 saat dayanmadan ekoloji təmiz enerji istehsal edir.