10 oktyabr 2024 19:38
201

Məhkəmənin qərarı ədalətlidir: Cinayət törədərkən anlaqsız vəziyyətdə olan şəxs...

Bakı Ağır Cinayətlər Məhkəməsində beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmənin qərarına əsasən, Ə. Əhmədov ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə ediləcək. Bu məsələdə onun hadisəni törədərkən anlaqsız olduğu əsas götürülüb. Qeyd edək ki,  dünya ölkələrində anlaqsız şəkildə cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Belə olduqda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir.

Amma Ə. Əhmədov barəsində verilən qərarın sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə müzakirə olunmasına başlanılıb, bəziləri onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsini mənfi qarşılayıb.

Vəkil Rəşad Əliyev məsələ ilə bağlı “İki sahil”ə bildirib ki, “anlaqsız” dedikdə xroniki psixi xəstəlik, əqli gerilik və s. nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk eləməyən, onu idarə edə bilməyən şəxs başa düşülür. Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 21-ci (anlaqsız) maddəsinə əsasən, cinayət törədərkən anlaqsız vəziyyətdə olan şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Ancaq onun barəsinə məhkəmə tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Vəkil bildirib ki, tibbi xarakterli məcburi tədbirlərin əsasları da Cinayət Məcəlləsinin 93-cü maddəsində öz əksini tapıb: “Bu maddəyə əsasən, anlaqsız şəxsin özünə və ya başqalarına zərər yetirməsi təhlükəsi varsa, məhkəmə ona tibbi xarakterli məcburi tədbirlər təyin edir. Öz psixi vəziyyətinə görə təhlükə törətməyən anlaqsız şəxslər barəsində zəruri materiallar isə onların müalicəsi, yaxud da psixonevroloji müəssisələrə göndərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi quruma verilir”.  Vəkil qeyd edib ki, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiqində məqsəd onların müalicə olunması, psixi vəziyyətlərinin yaxşılaşdırılması, eləcə də yeni cinayət törətmələrinin qarşısını almaqdır.

Peşəkar hüquqşunaslar Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarını ədalətli hesab edirlər. Ekspertlər vurğulayır ki, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsızdır.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov da bildirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilmişdir. Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir.

Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcəkdir.

Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Əhməd Əhmədov barəsində ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq olunması barədə qərar qəbul edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”