14 oktyabr 2024 00:39
106

Füzuli rayonunun Qarğabazar kəndi yenidən qurulur

Füzuli rayonunun Qarğabazar kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində Karvansara tikildiyi kəndin adına uyğun olaraq adlandırılsa da, bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.

XVII əsrin yadigarı olan karvansara Şəki-Qarabağ-Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər.  Karvansaray Azərbaycan Respublikasının daşınmaz tarixi abidələrindən hesab edilir.

Qarğabazar kəndi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər. Qarğabazar kəndində XVII əsrə aid məscid, XVIII əsrə aid türbə, XIX əsrə aid Cəlil türbəsi, Şah Abbas karvansarası, XVII əsrə aid karvansara və 1683-1684-cü illərə aid Şah Abbas məscidi olub. Qarğabazar kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 20-də işğaldan azad olunub.

İşğal dövründə erməni vandalizminə məruz qalmış kəndin yenidən bərpası üçün böyük layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib.

Kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. Kəndə 2 min nəfərin köçürülməsi planlaşdırılır. Burada ümumilikdə 527 fərdi ev tikiləcək. Kəndin inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 181 ailənin - 629 nəfərin köçürülməsi planlaşdırılır.Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, mədəniyyət evinin, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, bazar kompleksinin, kitabxananın, ticarət obyektinin, qonaq evinin, məscidin və digər zəruri obyektlərin tikilməsi planlaşdırılıb. 

Aygün Xudayeva, 
48 saylı məktəbin müəllimi