14 oktyabr 2024 01:32
121

Baydenin Almaniyaya səfərinin yeni tarixi müəyyənləşib

ABŞ Prezidenti Cozef Baydenin “Milton” qasırğası ilə əlaqədar Almaniyaya təxirə salınan səfərinin yeni tarixi elan olunub.

“İki sahil” Almaniya mətbuatına istinadla xəbər verir ki, Cozef Baydenin oktyabrın 18-də Berlinə səfər edəcəyi bildirilib. Səfər çərçivəsində Birləşmiş Ştatların dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri nəzərdə tutulub. Bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak etmişdi. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə (Air Force One) yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olmuşdu.

Xatırladaq ki, Cozef Bayden oktyabrın 10-dan 12-dək planlaşdırılan səfərini Florida ştatında tüğyan edən “Milton” qasırğası ilə əlaqədar təxirə salmışdı. Qasırğa nəticəsində ABŞ iqtisadiyyatına təxminən 50 milyard dollar ziyan dəyib.