14 oktyabr 2024 16:07
97

Bakıda aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib

Bu gün Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib.

“İki sahil” xəbər verir ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan mərasimdə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.

Bildirilib ki, Azərbaycanda indiyə qədər aşpazlıq ixtisası üzrə ali səviyyədə təhsil pilləsi olmadığına görə bununla bağlı pilot qrup yaradılıb. Layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə “Aşpazlıq” ixtisası üzrə peşə təhsili alıb. Tədris prosesinə “CASA Baku” Kulinariya Məktəbinin mütəxəssisləri, eyni zamanda digər yerli və xarici mütəxəssislər də cəlb edilib.

Tələbələrə nəzəri və təcrübi dərslər keçirilməklə yanaşı, onların yerli və beynəlxalq yarışlarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunub. Gənc aşpazlar "CASA Culinary Cup" və "Qızıl Şah Milli Çempionatı"nda yüksək nəticələr əldə edib. Tələbələr həm Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, həm də Qərbi Azərbaycanın Kulinariya gününün təşkilində yaxından iştirak edib.

Tədris zamanı tələbələrə beynəlxalq sertifikatlı müəllimlər İngilis dili tədris edib. Proqram çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını və regional mətbəx incilərini əyani şəkildə təcrübə edilməsi məqsədilə tələbələr ölkə üzrə səyahət proqramlarında iştirak ediblər. Tələbələr Bakı Turizm Peşə Məktəbi tərəfindən keçirilən dövlət imtahanı və “City and Guilds” beynəlxalq proqramı imtahanından uğurlu nəticələr əldə edərək tədris prosesini başa vurublar.

Mərasimdə məzunlara diplomlar təqdim olunub. Onlar II pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər. Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının planlaşdırıldığı da bildirilib.

Tədbirdə pilot qrupunun məzunları tərəfindən hazırlanmış şam yeməyi menyusu modern üslubda qonaqlara təqdim edilib.

"CASA" Baku" Kulinariya məktəbi Azərbaycanda "Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi"nin akkreditasiya etdiyi yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun "City & Guilds" Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.