16 oktyabr 2024 17:34
114

Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan şirkətlər Cənubi Qafqazın ekologiyasını zəhərləyir- Sabit Bağırov

Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan 26 şirkətin fəaliyyəti ekologiyanın, suyun çirklənməsi ilə müşayiət olunur.

“İki sahil” xəbər verir ki, bunu “Environmental protection first" Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə brifinqdə deyib.

S.Bağırovun sözlərinə görə, Qərbi-Zəngəzurda yerləşən 12 şirkətin fəaliyyəti tək Ermənistan ərazisinə yox, Qarabağ bölgəsinə də mənfi təsir göstərir.

O qeyd edib ki, erməni mətbuatında dərc olunan məlumatlara görə, Oxçuçay xüsusilə yüksək çirklənmə riski altındadır:

"Ermənistan mətbuatında bu məsələ ilə bağlı xeyli yazılar var. Yazıların təhlili göstərir ki, şirkətlər bir qayda olaraq yerli əhalinin, eləcə də ekoloji təşkilatların bu yazılardakı tənqid və qəzəbinə təsir göstərir, onlarla görüşlər keçirir və etirazçılarla münasibətlərdəki gərginliyi hansısa yolla aradan qaldırırlar. Çox vaxt buna əhaliyə dəymiş ziyanın ödənilməsi və ya ətraf mühitin çirklənməsinin aşkar səbəb və nəticələrinin aradan qaldırılması yolu ilə nail olunur. Yerli icmalara və fərdlərə ianələr və hədiyyələr də mədən şirkətlərinin təcrübəsindədir. 2020 və 2021-ci illərdə bu ödənişlər müvafiq olaraq 3,7 milyard dram və 2 milyard dram təşkil edib".

S.Bağırov bildirib ki, Ermənistanda fəaliyyət göstərən müxtəlif fondlar və QHT-lər də mədən şirkətlərindən maliyyə dəstəyi alırlar:

"2020-2021-ci illərdə təkcə fondlar 10,6 milyard dram məbləğində maliyyə yardımı alıb. Bu müddət ərzində müxtəlif QHT-lər təxminən 902 milyon dram məbləğində öz layihələrinə maliyyə dəstəyi alıb".

O qeyd edib ki, Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır:

"Azərbaycan bu konvensiyaya qoşulub və öhdəliklərini yerinə yetirir. Əgər sülh müqaviləsi imzalanarsa, ilk tələblərdən biri Ermənistanın məhz bu sənədi təsdiqləməsi olmalıdır".