16 oktyabr 2024 23:29
115

“Su və gender bərabərliyi”

Bu mövzuda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova COP29-un iqlim dəyişikliyi, su ehtiyatları, gender bərabərliyi və təhsil sahəsindəki qlobal problemləri həll etmək üçün dünya ölkələrini, ictimaiyyətin bütün təbəqələrini birləşdirmək və ortaq məqsədlər ətrafında həmrəy etməyə istiqamətlənmiş vacib bir platforma olduğunu diqqətə çatdırıb.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini vurğulayan B. Muradova Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxtərəfli fəaliyyətdən, həmçinin genişmiqyaslı layihələrdən danışıb.  

Qadınların tarixən cəmiyyətdə suya ehtiyacı ödəmək, toplamaq və saxlamaq, səmərəli istifadə və qənaət etmək kimi funksiyaları öz üzərinə götürdüyünü söyləyən B.Muradova əlavə edib ki, çiynində səhənglə bulaqdan su götürən qadınlara hər zaman şeirlər həsr edilib. O, bunun cəmiyyət tərəfindən bir nümunə kimi qəbul edilməsinə baxmayaraq, bu gün zamanın və inkişafın öz diqtəsini etdiyini, qadınların su resurslarının idarə edilməsində və qərarların qəbulunda daha çox təmsil olunmasının bu sahədə görülən işlərə böyük töhfə verə biləcəyini vurğulayıb.

B.Muradova su və ekoloji sahədə çalışan mütəxəssislərin gender bərabərliyini nəzərə alaraq qərar verməsinin və davamlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərməsinin həlledici əhəmiyyətə malik olduğunu və ADA Universiteti kimi nüfuzlu təhsil ocaqlarında iqlim dəyişiklikləri, su ehtiyatlarının idarə edilməsi və gender bərabərliyi üzrə proqramların inkişafının bu istiqamətdəki ehtiyacların qarşılanmasına böyük dəstək verə biləcəyini qeyd edib.

Komitə sədri gender bərabərliyinin su siyasətinə inteqrasiya üçün vacib təkliflər səsləndirərək vurğulayıb ki, təhsildə və su idarəçiliyində bərabər imkanların yaradılması, yüksək ixtisaslı mütəxəssis hazırlığının təşviq edilməsi və qadınların bütün bu proseslərdə təmsilçiliyinin artırılması davamlı dünya qurmağın əsaslarından biridir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov  həm dünya ictimaiyyəti, həm də ölkəmiz üçün getdikcə aktuallaşan mövzuda çıxış etməkdən məmnunluğunu ifadə edib. Təmiz suya çıxışın dünyada milyonlarla insan üçün problem olaraq qaldığını bildirən Z.Mikayılov su ehtiyatlarına əlçatanlığın mahiyyət etibarilə gender bərabərliyi ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ həm insan hüquqları, həm də davamlı inkişafın təmin edilməsi üçün açardır və genderə həssas su siyasətini təmin etməklə bu bərabərsizlikləri aradan qaldırmaq mümkündür.

Ölkəmizin son illərdə vətəndaşlar üçün su ehtiyatlarına əlçatanlığın yaxşılaşdırılması sahəsində mühüm irəliləyişlər əldə etdiyini bildirən sədr ailə təsərrüfatlarında sudan istifadənin əsas tənzimləyicisi olan xanımların son illərdə yerli idarə və icmalarda, o cümlədən Agentliyin aparatında suyun idarə olunması ilə bağlı proseslərdə daha çox iştirak etdiyini dilə gətirib.

İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitənin su olduğunu bildirən COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan və qasırğalar kimi hadisələrin hamısı su ilə bağlıdır. İqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlərin qadınlar olduğunu bildirən E. Soltanov bunu xanımların su ilə bağlı məsələlərdə qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqələndirib.

Universitetlərin  cəmiyyətdə aparıcı qüvvə, platforma olduğunu qeyd edən ADA Universitetinin icraçı prorektoru, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Fariz İsmayılzadə konfransın universitetdə keçirilməsinin təsadüfi olmadığını deyib. O, bu sahədə universitetlər arasında əməkdaşlığın, birgə tədqiqatlar aparılmasının önəmini vurğulayıb. Çıxışının sonunda F.İsmayılzadə, birgə əməkdaşlıqla, gənc nəsli də bu işlərə cəlb etməklə problemlərin həll oluna biləcəyinə ümidini ifadə edib. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova suya əlçatanlığın bütün dünyada ən böyük problem olduğunu diqqətə çatdıraraq, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamının ölkəmizdə suya əlçatanlığın təmin olunmasına böyük töhfə verəcəyini bildirib. Millət vəkili su və su ehtiyatlarının qorunmasında qənaət mədəniyyətinin formalaşmasının, maarifləndirmənin önəmli olduğunu bir daha xatırladıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən Nasar Hayat konfransın qadınların su resurslarına bərabər çıxışı və qərarvermə prosesində iştirakının təmin edilməsi ilə bağlı məsələləri daha dərindən araşdırmaq, su çatışmazlığının iqlim dəyişikliyi və nəticə etibarilə gender bərabərsizliyi ilə necə bağlı olduğunu müzakirə etmək imkanı yaratdığını bildirib. COP29 təşəbbüslərindən biri olan “Su üçün İqlim Təsiri” təşəbbüsünün Baku Dialoqu ilə birgə bir Bəyannamə ilə nəticələnəcəyini görməkdən məmnunluğunu ifadə edən N.Hayat gender bərabərliyinin də bunun mərkəzində olacağına inandığını deyib.

“Su və gender bərabərliyi” mövzusunda konfransın rəsmi açılışından sonra “Təhsildə gender bərabərliyi və su ehtiyatları idarəçiliyi: Bərabər iştirakın təmin edilməsi” mövzusunda panel sessiya öz işinə başlayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Arpadarainin moderatorluq etdiyi panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirə keçirilib.

Panelin spikerləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis-kommunikasiya sistemləri fakültəsinin dekan müavini Hamlet Əliyev, FAO-nun ölkə üzrə rəhbərinin müavini Bariz Mehdiyev mövzu üzrə çıxış ediblər.

Spikerlərin çıxışları dinlənildikdən sonra iştirakçıların sualları cavablandırılıb və konfransın işinə yekun vurulub.

Konfransda dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri eləcə də tələbələr iştirak edib.

Yaqut Ağaşahqızı, “İki sahil”