18 oktyabr 2024 23:58
78

Unudulmaz hünər sahibi

İkinci Qarabağ müharibəsində neçə-neçə igid Vətən övladların qanı bahasına xalqımız möhtəşəm qələbə qazandı. Bununla da kimliyimiz, mənliyimiz bütün dünyaya bəlli oldu. Azərbaycanın yeni, şanlı tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük haqq savaşımızda canını doğma Vətəninə fəda edən şəhidlərdən biri də 2001-ci ildə Cəlilabadın Həziabad kəndində dünyaya göz aşan Rahim Yalçın oğlu Quliyev idi. 19 yaşında şəhidliyi el-obaya şərəf gətirən Rahim vaxtsız aramızdan getsə də, indi bütün Azərbaycan xalqı adını böyük iftixarla, qürurla çəkir. Həm də dövlət tərəfində layiq görüldüyü “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, eləcə Xocavəndin, Kəlbəcərin, Cəbrayılın azadlığına görə medallar onun müharibə meydanında göstərdiyi igidliyin, mərdliyin, ən əsası doğma torpağına olan sonsuz məhəbbətin gözəl nümunəsidir.

Bəli, qısa ömrü Azərbaycana sonsuz sevgi mücəssəməsi olan Rahim Quliyev bir müddət sonra Cəlilabaddan Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə köçüb. Yaşa dolduqca gözəl mənəvi keyfiyyətləri ona hörmət gətirib. Həyat amalı Vətəninə, xalqına təmənnasiz xidmət olan Rahim peşə məktəbində oxuyub. Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsil alıb. Yaxşı işlər görüb və sağlam əqidəsi çoxuna dayaq olub.

Vətənpərvər gənc işğalçı düşməndən qisas almaq məqsədilə 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb. O, nizam-intizamı, verilən hər bir tapşırığı ləyaqətlə, vicdanla yerinə yetirdiyi üçün əsgərlər arasında seçilib. Cəbhə xətində yağı ilə qarşı-qarşıya dayanıb, Vətənini göz-bəbəyi kimi qoruyub. Həmçinin dığaların təxribatının qarşısının alınmasında bir-neçə dəfə iştirak edib və gücünü onlara göstərə bilib. İşğal altında olan əzəli Qarabağımızın azadlığı uğrunda düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.

Vətən müharibəsi başlanan günü igid, cəsur əsgər qəlbində intiqam qəzəbi ən qaynar nöqtələrdə erməni quldurlarına qarşı vuruşa girib. Düşmənə ciddi itkilər verməklə bir-neçə ağı müharibədən zəfərlə çıxıb. Rahim Quliyevin axırıncı döyüş yeri isə Füzuli-Cəbrayıl istiqamətində olub. Burada son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalıb. Və yazdığı qəhrəmanlıq tarixi ilə əbədi olaraq milyonların ürəyinə köçüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü