22 oktyabr 2024 20:09
83

Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrədəki ofisindəki "Azərbaycan" otağını ziyarət edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrə ofisində yerləşən “Azərbaycan” otağında yaradılan şəraitlə tanış olub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın BMT-nin Cenevrədəki ofisində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov nümayəndə heyətinə otaqda yaradılmış şərait barədə məlumat verib.

2007-ci ildə istifadəyə verilən “Azərbaycan” otağında sonradan təmir işləri aparılıb 2023-cü ildə yenidən açılışı olub. Ən yüksək texnologiyalar əsasında təmir edilən otaqda çoxlu sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb. Otaq, həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.

"Azərbaycan" otağının tərtibatında milli elementlərə də xüsusi yer ayrılıb. Burada Qarabağ xalçası, şəbəkə eksponatı, muğam alətləri burada nümayiş etdirilir.

Xatırladaq ki, BMT-nin Cenevrə ofisində az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur.

Sonra nümayəndə heyətinin üzvləri ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə 2017-ci ilin oktyabrında BMT-nin Cenevrə ofisində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında ucaldılan, Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı abidəsinə baxıblar.