24 oktyabr 2024 11:53
91

Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır

Bu ilin sonundan etibarən, Dünya Bankının “Business Ready” hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlanacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, bu proses çərçivəsində sahibkarlara, ekspert qruplarına və dövlət orqanlarına bir sıra sorğular göndəriləcək: “Məqsədimiz ondan ibarətdir ki, bu sorğulara sahibkarlar və ictimaiyyət tərəfindən düzgün və hərtərəfli məlumatlar verilsin”.

Qeyd edək ki, Azərbaycan Dünya Bankının “Business Ready” hesabatına 2025-ci ildən daxil ediləcək. Bu hesabat dayandırılmış “Doing Business” hesabatını əvəz edəcək və ilk buraxılışında 54 iqtisadiyyatı əhatə edəcək. “Business Ready” hesabatı, şirkətlərin fəaliyyətinin başlanması, davam etdirilməsi, bağlanması və ya yenidən təşkili mərhələlərini əhatə edən 10 mövzuya fokuslanacaq: biznesə giriş, biznesin yerləşməsi, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, vergi, bazar rəqabəti, mübahisələrin həlli və müflisləşmə.