24 oktyabr 2024 12:35
149

"Boeing" işçiləri yeni müqavilə şərtlərini rədd edib

“Boeinq”in işçilərinin böyük əksəriyyəti şirkətin yeni əmək müqaviləsi təklifini rədd edərək tətili davam etdirmək qərarına gəliblər.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Beynəlxalq Aerokosmik İşçilər və Mühəndislər İttifaqının (IAM) üzvü olan şirkət işçilərinin 64%-i dəstəkləyib.

Ötən şənbə günü həmkarlar ittifaqı rəhbərləri yeni müqavilə ilə bağlı ilkin razılığa gəliblər ki, bu da işçilərin maaşlarının 35% artırılması, mükafatların və pensiyaların artırılması ilə bağlı olub. Bundan sonra həmkarlar ittifaqı keçən çərşənbə günü yeni müqavilə üzrə işçilər arasında səsvermə təyin edib.

Boeing zavodlarında 33 minə yaxın işçinin tətili sentyabrın 13-də başlayıb. Sonuncu dəfə şirkətdə analoji tətil 2008-ci ildə olmuşdu. Etirazda iştirak edən fabriklər şirkətin ən çox satılan təyyarəsi olan Boeing 737 MAX istehsal edir. İşçilər əvvəlcə əmək haqlarının, mükafatların və şirkətin pensiya fonduna ayırmalarının 40% artırılmasını tələb ediblər. Əvvəlcə şirkət maaşları 25% artırmaq istəsə də, həmkarlar ittifaqı tərəfindən rədd edilib. Daha sonra təklif 30%-ə qədər artırıldı və işçilər yenə razı olmadılar.