24 oktyabr 2024 23:57
95

Vətəni canından əziz tutanlar...

İkinci Qarabağ müharibəsində 30 illik torpaq həsrətinə 44 günə öz qanı bahasına son qoyub xalqımıza qələbə sevincini yaşadan qeyrətli oğullardan biri də Lerik rayonun Piran kəndindən olan, Azərbaycan Ordusunun giziri şəhid  Vidadi Cabbarovdur. Vətən sevdalısının şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümü münasibətilə doğma kəndində anım mərasimi keçirildi.

Belə ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri , Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri kiçikli-böyüklü və şəhidin ailə üzvləri ölümsüzlüyə qovuşan qəhrəmanın məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla andılar.

Qeyd edək ki, 1997-ci il martın 28-də dünyaya göz açan, şərəfli ömür yolu əsl həyat məktəbi olan Vidadi Cəbrayıl oğlu Cabbarov Azərbaycanın, eləcə də dünyanın hər tarixinə qızıl hərflərlə yazılan Vətən savaşında Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Odlu səngərdə yerini tutan andan murdar niyyətli düşmənlərə mübarizə meydanında amansız olacağına and içib. Qubadlı istiqamətində gedən ölüm-dirim savaşda son nəfəsinə qədər erməni dığalarına qarşı vuruşub, böyük şücaət göstərərək şəhadətə yetib. Dağlar qartalının axıtdığı qan burada üçrəngli bayraq olub göylərə ucalıb.

Adı Azərbaycanın yeni, şanlı tarixinə düşən Lerikin qəhrəman oğlu Vidadi Cabbarov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın və Qubadlının azadlığı uğrunda medalları ilə təltif edilib.

Bəli, Vidadi kimi qeyrətli, mərd oğullar Vətən yolunda ölməyi özünə şərəf bilməklə onu alınmaz qalaya çevirdilər. Taleyinə şəhidlik zirvəsindən boylanmaq səadəti yazılan hər bir Vətən övladı cismən aramızda olmasa da, zaman-zaman böyük ehtiramla xatırlanar. Vidadi də belə. Ömrünü Vətəni, xalqı üçün yaşayan bu qəhrəmanı indi təkcə ailəsi, doğmaları deyil, bütün Azərbaycan xalqı özünə əziz bilir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü