24 oktyabr 2024 16:08
78

Bakıda “İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Oktyabrın 24-də Bakı Konqres Mərkəzində dünyanın müxtəlif ölkələrindən gələn 50-dən çox beynəlxalq hüquqşünasın iştirakı ilə “ICE Baku 2024: İqlim dəyişiklikləri və enerji hüququ” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

“İki sahil” xəbər verir ki, üçgünlük konfrans Gənclər Fondunun maliyyə dəstəyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, Bakı Ali Neft Məktəbi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə keçirilir.

Açılış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının sədri və Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov, ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, “ELSA Azərbaycan”ın prezidenti Nazim Çələbiyev, Seminarlar və Konfranslar üzrə vitse-prezident Tünzalə Mustafazadə çıxış ediblər.

Tədbir zamanı COP29-a Azərbaycanın ev sahibliyi etməsinin əhəmiyyəti, beynəlxalq miqyasda iqlim siyasətinin inkişafında ölkəmizin rolu xüsusi diqqət mərkəzində olub. İştirakçılar gənclərin və gənclər təşkilatlarının iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirakının vacibliyini vurğulayıblar. Gənclərin müasir problemlərə yanaşma tərzinin dəyişdiyi və bu mübarizədə onların səsinin artırılmasının zəruriliyi diqqətə çatdırılıb.

“ICE Baku 2024” iqlim dəyişiklikləri və enerji hüququ sahəsində beynəlxalq müzakirələri genişləndirmək və bu sahədəki qanunvericilik yeniliklərinə diqqət çəkmək məqsədi daşıyır.