24 oktyabr 2024 17:35
104

"Azərkosmos" və İtaliyanın “Leaf Space” şirkəti əməkdaşlığı genişləndirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

"İki sahil" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Müqaviləyə əsasən, "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu anten quraşdırılıb.

Yerüstü stansiyada quraşdırılan müasir anten sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirmək üçün geniş imkanlar təqdim edir. "Azərkosmos"un çoxfunksiyalı teleportu Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə – VNO (Virtual şəbəkə operatoru), VSAT (kiçikölçülü anten terminalı), data, rabitə xidmətləri və həlləri təqdim edir. Bakı teleportunun yerləşdiyi coğrafi məkan həm əməliyyat, həm də kommersiya baxımından yeni və daimi müştərilər üçün əlverişlidir. Teleport tələb olunan standartlara uyğun dayanıqlıdır.

Bu anten sistemi “Leaf Space” şirkətinin ölkəmizdə investisiya etdiyi sayca ikinci uğurlu infrastruktur layihəsidir. Xatırladaq ki, 2022-ci ildə şirkət Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu yerüstü anten quraşdırmışdı. Quraşdırılan hər iki anten “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradır.