25 oktyabr 2024 14:48
93

Bakıda COP29 iştirakçıları üçün 9 informasiya mərkəzi yaradılacaq

Bakıda COP29 iştirakçıları üçün noyabrdan etibarən 9 informasiya mərkəzi yaradılacaq. Bunlardan 7-si şəhərdə, daha 2-si isə hava limanları istiqamətində olacaq.

“İki sahil” xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında qarşıda duran əsas missiya konfransın ən yüksək səviyyədə təşkil olunmasıdır: "Ölkəyə gələn qonaqlar üçün şöbə tərəfindən istiqamətverici və məlumatlandırıcı işarələr qoyulur. Qonaqlar və iştirakçılar üçün nəzərdə tutulan nəqliyyat vasitələrində xüsusi müvəqqəti nişanlar olacaq. Əlavə olaraq, hava limanı və Koroğlu metrosu ərazisində məlumatlandırıcı və istiqamətləndirici işarələr olacaq. Bununla ziyarətçilər məkanı daha tez və rahat tapa biləcək".

İ.Cavadov bildirib ki, tədbir məkanının ətrafında yaradılan ərazilərin tapılması üçün rəqəmsal xəritə yaradılıb: "Ziyarətçilər istənilən nöqtəni xəritə üzərindən tapa biləcəklər".

Şöbə müdiri həmçinin qeyd edib ki, müəyyən məkanlarda, şəhərin mərkəzindəki mövcud reklam qurğularında, işıq dirəklərində brendinqlərin yerləşdirilməsi işlərinə başlanılıb.