26 oktyabr 2024 15:29
101

“Amerikanın səsi”: COP29-da iqlim maliyyəsi diqqət mərkəzində olacaq

“Amerikanın səsi” radiosunun saytında Berlində fəaliyyət göstərən iqlim şərhçisi Çermein Linin “COP29-da iqlim maliyyəsi diqqət mərkəzində olacaq” sərlövhəli geniş məqaləsi dərc edilib.

“İki sahil” xəbər verir ki, müəllifin yazdığına görə, noyabr ayında Azərbaycanda, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 200-ə yaxın ölkənin Qlobal Cənub üçün yeni iqlim maliyyəsi hədəfi ilə bağlı danışıqlar aparması planlaşdırılır. “Maliyyə COP-u” adlandırılan konfransda İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) ilə bağlı müzakirələrin aparılacağı gözlənilir. O, yoxsul ölkələrin iqlim ehtiyaclarını həll etmək üçün tarixi emitentlərdən – əsasən Qlobal Şimaldakı ölkələrdən pul dəstəyi üçün yeni hədəf müəyyən edir.

Məqalədə diqqətə çatdırılır ki, 2009-cu ildə ABŞ və Avropa İttifaqı daxil olmaqla ölkələr 2020-ci ilə qədər hər il birlikdə 100 milyard dollar töhfə verməyə razılaşıblar, lakin OECD-in hesabatı göstərdi ki, onlar illər ərzində bu məqsədə çatmaq üçün mübarizə aparıblar. Daha da pisi odur ki, iqlimin maliyyələşdirilməsinin çox hissəsi kreditlər şəklində gəlirdi və tənqidçilərin fikrincə, bu, artıq borc içində boğulan inkişaf etməkdə olan ölkələrə daha çox təzyiq göstərib.

Müəllif qeyd edir: “Yeni danışıqlar insan amili səbəbindən baş verən iqlim dəyişikliyi ilə intensivləşən ekstremal hava şəraitini fonunda keçiriləcək. Məsələn, iyul ayında indiyə qədər qeydə alınan ən isti üç gün buna misaldır. Alimlər “BioScience”də dərc olunan məqalədə bildiriblər ki, qalıq yanacaq emissiyaları tarixdə ən yüksək həddə çatdığı üçün Yer kürəsi 2100-cü ilə qədər 2,7 dərəcə istiləşmə yolundadır ki, bu da 2015-ci il Paris Sazişində müəyyən edilmiş 1,5 dərəcə Selsi hədəfindən xeyli çoxdur”.

İqlim şərhçisi vurğulayır ki, artan böhranla mübarizə aparmaq üçün inkişaf etməkdə olan ölkələrin indi ildə 100 milyard dollardan çox vəsaitə ehtiyacı olacaq. Təxminlər bu rəqəmin 2030-cu ilə qədər 6 trilyon dollara çatacağını göstərir. Amma BMT hesabatına görə, bu məbləğ belə artıq labüd olan iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərini kifayət qədər əhatə etmir.

Azərbaycanın iqlim səylərinə toxunan müəllif qeyd edir ki, konfransa ev sahibliyi edən bu ölkə iyul ayında mədən yanacağı hasil edən ölkələrdən və şirkətlərdən 1 milyard dollar toplamaq məqsədi ilə İqlim Maliyyəsi Fəaliyyəti Fonduna start verib. “Utrext Universitetinin iqlim maliyyəsi professoru İren Monasteroloya görə, millətlər NCQG məqsədi üzrə kompromis əldə edəcəklər. Monasterolo “Amerikanın səsi”nə deyib: “Danışıqların bu nəticələri, iqlim riskindən artıq kütləvi şəkildə təsirlənən aşağı gəlirli ölkələrdə iqlim maliyyəsinə cari ehtiyacı həll edə bilməyəcək. İndiyə qədər diqqət daha çox emissiyaların azaldılması layihə və tədbirlərinə yönəldilib, uyğunlaşma sərmayələri isə geridə qalır”.

Məqalədə daha sonra qeyd edilir: “Keçən il Dubayda keçirilən COP28-də ölkələr həssas inkişaf etməkdə olan ölkələrdə iqlim fəlakətlərinin vurduğu ziyanı ödəmək üçün tarixi emissiyaçılar üçün könüllü fond yaratmaqla bağlı razılıq əldə etdilər. Müzakirələrin COP29-da davam edəcəyi gözlənilir”.

Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun İqlim Siyasəti və Təhlükəsizlik Mərkəzinin tədqiqatçısı Karolina Harri COP29-un daha bir əhəmiyyətini qeyd edib: “COP29, həmçinin ABŞ və Çinin yeni nümayəndələri - Con Podesta və Liu Jenmin arasında ilk əməkdaşlığa dair danışıqlar məkanı olacaq. Onlar sentyabrın əvvəlində Pekində işçi qrupunun iclası keçirdilər və orada iqlim konfransı zamanı metan və qeyri-karbon istixana qazları üzrə sammitə ev sahibliyi etmək barədə razılığa gəldilər. Onların Bakı iqlim konfransı çərçivəsində aparacağı danışıqların nəticələri qlobal əməkdaşlığa da töhfə ola bilər”.