26 oktyabr 2024 23:00
75

Dünyada meymunçiçəyinə yoluxanların sayı artıb

Cari ilin sentyabrında dünyada 2,7 mindən çox laborator təsdiqlənmiş “mpox” (meymunçiçəyi – Qeyd) hadisəsi aşkar edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Sentyabrda 2 763 təsdiqlənmiş “mpox” hadisəsi qeydə alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir”, - məlumatda vurğulanıb.

Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox hadisəsi aşkar edilib.

Eyni zamanda, Avropada yoluxma sentyabr ayında 26% (211 hadisəyə qədər), Amerikada isə 32% (427 hadisəyə qədər) azalıb. 2022-ci il yanvarın 1-dən bu il sentyabrın 30-dək 123 ölkədə 109 699 təsdiqlənmiş mpox hadisəsi, o cümlədən 236 ölüm halı müəyyən edilib.