01 noyabr 2024 00:43
90

Dünyaya «yaşıl baxış»

Paytaxtımızda keçiriləcək COP29, Ümumdünya Dini Liderlərin növbəti Sammiti ölkəmizin enerji, siyasi, iqtisadi, həmrəylik siyasətinin, multikultural dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdimatı olacaq

Bir neçə gündən sonra dövlət və hökumət başçılarının, tanınmış siyasi xadimlərin, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə Bakıda öz işinə başlayacaq COP29 mahiyyətcə siyasi, iqtisadi, ekoloji sahələri əhatə etsə də nəticə etibarı ilə insanlıq və humanitar duyğuların beynəlxalq səviyyədə geniş tribunada diqqətə çatdırılmasıdır. Noyabrın 6-7 də paytaxtımızda keçiriləcək, müxtəlif dinlərə, irqə mənsub insanların maraqlarının ifadə olunduğu humanitar platforma kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq Ümumdünya Dini Liderlərinin növbəti Sammitində də qlobal dünyamızın siyasi masasında aktuallığını qoruyan problemlər sağlam düşüncə tərzi ilə müzakirə olunacaq. Başqa sözlə deyilsə insanları maraqlandıran problemlərin ortaq məxrəcinin müzakirəsi üçün Azərbaycanın seçilməsi diplomatiyamızın daha bir uğurudur. Multikulturalizm ənənələrini əsrlərdən bəri yaşadan, dinlərarası, xalqlararası, millətlərarası münasibətlər sistemindəki təcrübəsi nümunə göstərilən, «Bakı prosesi» təşəbbüsünü həyata keçirməklə, Dünya Dini Liderlərinin Zirvə görüşlərini, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi tədbirlərə ev sahibliyi edən, dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə qızışdırılan, zəif təbəqələrin hüquqlarının inkar edilməsindən yaranan fəlakətlərdən əziyyət çəkən məzlumların üzləşdikləri bəlaları, milli münaqişələrin törətdikləri kütləvi insan qırğınlarının, terrorların fəsadlarının açıqlandığı humanitar tribuna olan Azərbaycan mədəniyyətlərin, dini konfessiyaların bir araya gəldiyi əməkdaşlıq mərkəzi kimi də tanınır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən humanitar tədbirlər, aparılan islahatlar beynəlxalq əhəmiyyəti ilə böyük dəstək qazandı. Dinin siyasiləşdirildiyi, radikal qruplar tərəfindən məqsədli şəkildə istifadə olunduğu müasir dövrümüzdə kütləvi insan qırğınları ilə nəticələnən bütün hallara qarşı mübarizə qlobal problem kimi illərdən bəridir ki, bəşəriyyəti narahat etdiyi məqamda COP29-un, dini liderləri bir araya gətirən Sammitin təşkili Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin ifadəsidir. Dünya siyasətinin problemlər məngənəsində sıxıldığı, risklərin artdığı, dini liderlərin birgə fəaliyyətinə daha çox ehtiyac duyulduğu məqamda sammitin təşkili COP29-un əhəmiyyətini daha da artırır.

Tolerant ölkə olan Azərbaycanda əsrlərdən bəri müxtəlif dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşayır, Şərq ilə Qərb arasında körpü, sivilizasiyaları birləşdirən mərkəz kimi diqqəti cəlb edir. Əsasında dünyaya sülh, bərabərlik, həmrəylik, tolerantlıq çağırışları dayanan COP29 kimi dini liderləri bir araya gətirən sammitlər də qardaşlıq, bərabərlik, dini radikalizmə qarşı mübarizədə böyuk əhəmiyyət daşıyır. İslam əleyhinə təhqir-böhtan kampaniyasının davam etdiyi, Fransa kolonializminə qarşı mübarizənin gücləndiyi məqamda biri-birini tamamlayan hər iki tədbir ümumi mövzu insanlıq, planetimizin gələcəyi üçün dünyamızın qorunması naminə birləşmək, dünyada əmin-amanlığın təminatına təsir göstərə biləcək siyasi, iqtisadi, ekoloji təhlükələrin qarşısının birgə alınması üçün ən etibarlı vasitədir. Şərqlə Qərb dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirən mərkəz olan ölkəmizdə keçirilən görüşlərin xronikası da təsdiqləyir ki, Azərbaycan qazandığı siyasi, iqtisadi, humanitar platforma adını, sivilizasiyalararası körpü rolunu ləyaqətlə doğruldur.

Beynəlxalq aləmdə belə artıq aforizmləşmiş Azərbaycanın Qərb ilə Şərq arasında körpü rolunu oynaması illərin sınağından çıxmış reallıqdır. Müxtəlif beynəlxalq təşkilatlarda Avropa təsisastları ilə birlikdə təmsil olunan Şərq və Qərb ölkələri arasında münasibətlərini qarşılıqlı anlaşma şəraitində davamına da Azərbaycan töhfəsini verir. Əməkdaşlığı genişləndirməklə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən zirvə görüşlərində iqtisadi maraqları birləşdirən ən mühüm amil kimi siyasi sabitliyin vacibliyini diqqətə çatdıran, «Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil» sözləri ilə taleyi xarici ağalarının əlində olan itaətkar dövlətləri sülh naminə birliyə dəvət edən Prezident İlham Əliyev Qərb və Şərq dəyərlərini bəşəri ideyalar ətrafında birləşdirməklə humanizm prinsiplərinin mütləq qələbə çalacağına inamını ifadə edir. Avropanın doqquz ölkəsi ilə enerji sahəsindəki əməkdaşlığını genişləndirən ölkəmizin şaxələndirmə siyasətinin əsasında da siyasi maraqlar deyil, humanist dyərlərə sadiqlik kimi dəyərlər dayanır. Ölkəmizin dəfələrlə sınaqdan çıxmış diplomatiyasının dəstəklənməsi Azərbaycanın bölgədə müstəqil siyasət yeritməsinin, enerji asılılığı olmayan bir dövlət kimi söz sahibliyinin etirafıdır.

Azərbaycanın türkdilli, İslam dövlətləri ilə həmrəyliyinin, strateji tərəfdaşlığının ortaq və oxşar tarixi əlaqələrdən, eyni dinə mənsubluğundan qaynaqlandığı bəllidir. Xarici siyasətini bütün dövlətlərlə qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında davam etdirən ölkəmizin Avropa, ərəb ölkələri ilə əməkdaşlığı da sağlam münasibətlər zəminində davam etdirilir. Müasir dövrün tələbinə, çağırışına uyğun, regional və beynəlxalq məsələlər üzrə aparılan müzakirələrin, möhkəmlənən münasibətlərin strateji xarakterinə uyğun davamını sınaqdan çıxan təcrübə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız çoxplanlı, yaxşı keçmişə və yaxşı gələcəyə hesablanmış, qarşılıqlı etimada, ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Az müddətdə ölkəmizin siyasi həyatında baş verənlərin qısa xronologiyası, müxtəlif dövlət və hökumət başçılarının respublikamıza rəsmi və dövlət səfərləri göstərir ki, dünyanın qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi və əsas tərəfdaşı olan Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar platforma, sivilizasiyalararası körpü, mədəni müxtəlifliyin məkanı, mültikultural dəyərlərə sadiq, tolerant dövlətdir. Bu gunlərdə işinə başlayacaq COP29 və Ümumdünya Dini Liderlərin Sammiti bu reallığın daha geniş mənada təzahürüdür.

COP29 çərçivəsində iki panelin məhz multikulturalizm məsələlərinə həsr olunacağı da təsadüfi deyil. Xurafata deyil, sağlam dinə etiqad insanları bir amal ətrafında birləşdirdiyi kimi, problemlərin həllində birgə mübarizə daim uğurla nəticələnir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Dünya Dini Liderlərinin sammitinin təşkilində də məqsəd bu birliyin qüvvəsini səfərbər etməkdir. Noyabrın 5-dən 7-dək Pre-COP tədbiri olaraq davam edəcək tədbirdə bu sahədə 200-ə yaxın din xadimi, alim iştirak edəcək. 30-a yaxın dünyəvi və ənənəvi dinlərin liderlərinin, nüfuzlu dini mərkəzlərin başçılarının - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimlərinin, ümumilikdə, 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimlərinin iştirak edəcəyi sammit təbii ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək. Qonaqların işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində erməni vandallarının işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər əyani surətdə göstəriləcək. Noyabrın 13-də ayrıca panel təşkil olacaq. Burada da Azərbaycanın tolerantlıq, multikulturalizm dəyərlərindən bəhs olunacaq, nəşr sərgilərində kitabları, eləcə də filmlər nümayiş ediləcək. Xalqımızın əsrlərdən bəri qoruduğu multikultural və tolerant dəyərlərimiz xarici qonaqlara təqdim olunacaq. Dini liderlərin əvvəlki Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda keçiriləcək budəfəki tədbir bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələrinin mənəvi dəyərləndirilməsi işinə real töhfələr verəcək.

Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili”» elan edilməsi ilə bağlı Sərəncamı planetin gələcəyi naminə atılan humanitar addım kimi dəstəklənəcək. Müxtəlif dinlərə, irqlərə mənsub insanları bir məqsəd naminə həmrəyliyə çağırış, əhəmiyyətli qlobal təşəbbüs kimi dəstəklənən COP29, Ümumdünya Dini Liderlərin Sammitinin ülvi niyyətlərdən qaynaqlandığını bütün dünya ictimaiyyəti görəcək.

Bu ərəfədə Amerika Birləşmiş Ştatlarının Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı «Northwood» kilsəsinin baş pastoru Bob Robertsun, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çenin ilə Qərbi Azərbaycan İcmasının rəsmiləri ilə görüşü də önəmli idi. Görüşdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə zəngin məlumatlar verilib. Bildirilib ki, bu deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, o cümlədən 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın qəbiristanlıq da yerlə-yeksan edilib. Qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin əhəmiyyəti , beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində Birləşmiş Ştatlarla əməkdaşlığın önəmi diqqətə çatdırılıb. Pastor Bob Roberts Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından öyrəndiyinin saxta məlumatlarından fərqli olaraq əsl həqiqəti öyrəndiyini məmnunluqla qeyd edib.

«İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik» söyləyən Prezident İlham Əliyev onu da vuğulayır ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisədə daha möhtəşəmdir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.»

Xuraman İsmayılqızı, «İki sahil»