01 noyabr 2024 17:31
78

Sumqayıtda növbəti səyyar qəbul keçirildi

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbulu 2-ci məhəllədə keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

“İki sahil” xəbər verir ki, 11 nömrəli məktəbin binasında baş tutan görüşdə şəhər sakinləri problem və şikayətlərini şəhər rəhbərinə çatdırıblar.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Səyyar qəbulda iştirak edən sakinlər Sumqayıt şəhərində son illər ərzində görülən işlərdən məmnun olduqlarını, küçə və parkların abadlaşdırılması, yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsinin onların həyatına müsbət təsir etdiyini ifadə ediblər.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.