Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib.
“İki sahil” xəbər verir ki, bu AQTA-dan bildirilib.
Bildirilib ki, tədbirlər çərçivəsində bu gün Agentlik tərəfindən paytaxtda yerləşən hotellərdən birində qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinq keçirilib. Hotelin qida blokunun qida təhlükəsizliyi tələblərinə uyğunluğu qiymətləndirilib.
Ümumilikdə Agentlik tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Onlardan 68-də qidalanmanın mövcud olmadığı məlum olub, 245-də isə qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. 2 otelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub.
Bundan başqa qeyd edilib ki, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Bildirilib ki, hotellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrasi məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.
"Əlavə olaraq 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib" , - məlumatda vurğulanıb.