02 noyabr 2024 17:08
252

Azərbaycan XXX Minsk Beynəlxalq Kinofestivalında təmsil olunur

Azərbaycan noyabrın 1-dən 8-dək Minskdə “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən XXX Minsk Beynəlxalq “Listapad” Kinofestivalında təmsil olunur.

“İki sahil” kinofestivalın saytına istinadla xəbər verir ki, yubiley film festivalı Belarus kinosunun 100 illiyi və festivalın 30 illiyinə həsr olunub.

Azərbaycanı kinofestivalda “Gənclərin kinosu” müsabiqəsinin münsiflər heyətinin sədri kimi prodüser, rejissor, ssenarist Cavid İmamverdiyev təmsil edir. Onunla birlikdə filmləri İsveçrədən olan rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirəcək.

Bildirilir ki, festivala artıq 112 ölkədən 2200-dən çox müraciət daxil olub. Tamaşaçılara dünyanın müxtəlif yerlərindən ən yaxşı filmlərin daxil edildiyi yeddi müsabiqə proqramı təqdim ediləcək.

Bu il “Listapad” kinofestivalı qürurla iki müsabiqənin təkrar keçiriləcəyini elan edir. Milli müsabiqədə istedadlı Belarus rejissorlarının yaratdığı 23 film, milli kino məktəbi müsabiqəsində isə aparıcı kino universitetlərindən tələbələrin 15 seçilmiş işi təqdim olunacaq.

Əsas bədii film müsabiqəsi tamaşaçılara 24 ölkədən 18 film təqdim edəcək. Onların arasında 2024-cü ildə Kann Film Festivalında Qran-Priyə layiq görülmüş Hindistan rejissoru Payala Kapadianın “Bizə işıqlı görünən hər şey” dramı var.

Sənədli film kateqoriyasında 7 ölkədən 12 əsər əsas mükafatlara namizəd olacaq. Animasiya şedevrləri də festivalda öz yerini tapacaq: bu kateqoriyada 24 ölkədən 50 film təqdim olunacaq.

Bununla yanaşı, 17 ölkədən 11 filmin özünü və ailəsini tapmaq üçün yeni perspektivlər təqdim edəcəyi “Gənclərin kinosu” müsabiqəsi də keçiriləcək. 2024-cü ildə bu istiqamət gənc istedadların potensialının açılmasını, ölkələrin birləşməsini əks etdirir.

Gənc tamaşaçılar üçün kinofestivalda 6 ölkədən 8 filmin nümayiş olunacağı “Listapadzik” müsabiqəsi də olacaq. Burada uşaq və gənclər filmlərinin tamaşaçıları üçün yeni ekran əsərləri təqdim ediləcək. Müsabiqə zamanı “Belarusfilm” milli kinostudiyası tərəfindən istehsal olunmuş “Sirin quşu. Slavyan əfsanələrinin qanadları” filminin premyerası olacaq.