Hindistan hərbi hava qüvvələrinə məxsus “MiG-29” qırıcı təyyarəsi Aqra şəhəri yaxınlığında qəzaya uğrayıb.
“İki sahil” Hindistan mediasına istinadla xəbər verir ki, təlim uçuşu zamanı idarəetməni itirən təyyarə əkin sahəsinə düşüb. Qəzadan əvvəl pilot katapult edə bilib.
İlkin ehtimala görə qəzaya texniki problem səbəb olub.
“India Today” nəşrinin məlumatına əsasən, 1963-cü ildə sovet istehsalı “MiG” qırıcılarının Hindistan hərbi qüvvələrinin istismarına verilməsindən bəri 400-dən çox qəza baş verib. Nəticədə təxminən 200 pilot və 60 mülki şəxs ölüb. Bu səbəbdən həmin təyyarələri Hindistanda “Uçan məzar” adlandırırlar. Maraqlı məqam odur ki, qəzaya uğramış “MiG” qırıcılarının əhəmiyyətli hissəsi Hindistanda yığılıb.