05 noyabr 2024 23:47
252

Azərbaycanda ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq.

“İki sahil” xəbər verir ki, musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək, Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədini daşıyır.

20 noyabr saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq premyera tamaşasında İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru - Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.