Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Əvvəllər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı yarandığı gündən Azərbaycan bu təsisatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib.
Xatırlatmaq yerinə düşər ki, bu qurum 2009-cu ildə məhz Azərbaycanın təşəbbüsü ilə Naxçıvan şəhərində imzalanmış müqavilə əsasında beynəlxalq təşkilat statusu ilə təsis olunub. Ona görə də bu beynəlxalq platformada keçirilən hər bir yüksək səviyyəli tədbir ölkəmizin fəaliyyətinin gücləndirilməsi istiqamətində göstərdiyi ardıcıl səyləri səciyyələndirən məqam kimi dəyərləndirilməlidir. İlk fəaliyyət dövründə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın daxil olduğu TDT ötən dövr ərzində Özbəkistanın da bu təkilata əsas üzvlərdən biri kimi qoşulması, həmçinin müşahidəçi ölkə statusunda Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının bu qurumda yer alması Türk Dövlətləri Təşkilatının coğrafiyasını xeyli genişləndirmiş, onun geosiyasi proseslərə təsir imkanlarını artıraraq artıq çoxqütblü dünyada güc mərkəzlərindən birinə çevrilməsinə real şərait yaratmışdır.
Bu il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, "Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi" devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir. Türk Dünyası Xartiyasının və qurumun yeni bayrağının qəbul edilməsi haqqında tarixi qərarlar isə türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlərin tanınmasına, çoxtərəfli əməkdaşlığın, qarşılıqlı tərəqqinin və birliyin gücləndirilməsinə mühüm töhfədir.
Beynəlxalq münasibətlər sistemində mövqeyi get-gedə güclənməkdə olan Türk Dövlətləri Təşkilatında Azərbaycanın yeri və rolu, dövlətimizin bu istiqamətdə ortaya qoyduğu strateji mövqeyi ilə bağlı fikirlərini ölkə Prezidenti cənab İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində konkret şəkildə açıqlayıb: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir... Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Bişkekdə keçirilən Zirvə toplantısında Azərbaycan Prezidenti bir daha xüsusilə bütövlükdə dünyada siyasi kataklizmlərin vüsət aldığı bir zamanda TDT-nın daha mükəmməl fəaliyyəti üçün ortaq maraqların qorunması naminə bir sıra mühüm açıqlamalar və təkliflərlə çıxış edib. Dövlət başçısının təhlükəsizlik, müdafiə sahəsindəki əməkdaşlığının strateji əhəmiyyətinə diqqət yönəldərək, bunun türk dünyasının sülh və əmin-amanlıq şəraitində tərəqqisi üçün əsas şərtlərdən biri olduğuna işarə edib.
Azərbaycan Prezidenti qeyd edib ki, Naxçıvan sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoyub: ”15 illik dövr ərzində təşkilat uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının mövcud büdcəsinin qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığna diqqət çəkərək Azərbaycanın Təşkilata maliyyə dəstəyi verəcəyin bəyan edib: “Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.
Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətini iqtisadi və siyasi kontekstdə təqdim edən ölkə başçısı bildirdi ki, son dövrlər Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.
Azərbaycan Prezidenti çıxışı zamanı işğaldan azad edilən ərazilərimizdə görülən işlərə də toxundu. O, bildirdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir: “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”.
Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər səmimi olaraq Azərbaycanın yanındadır: “Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.
Məlum olduğu kimi, Azərbaycan gələn həftə BMT-nin iqlim dəyişikliyi ilə bağlı 29-cu Konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu qərar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə oynadığı fəal rolun və beynəlxalq ictimaiyyət tərəfindən ölkənin əhəmiyyətli bir mərkəz olaraq qəbul edilməsinin göstəricisidir. Azərbaycan COP29-a ev sahibliyi etməklə öz iqlim öhdəliklərini və ətraf mühitin qorunması istiqamətindəki səylərini bir daha nümayiş etdirir. Ölkə son illərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə külək və günəş enerjisinə yatırımlar edib və bu sahədə qlobal əməkdaşlıqları genişləndirib. COP29 isə Azərbaycanın bu sahədə liderlik göstərməsi və Türk Dövlətləri Təşkilatına üzv ölkələr başda olmaqla beynəlxalq tərəfdaşlarla ekoloji əməkdaşlığı dərinləşdirməsi üçün mühüm bir fürsət olacaq. Ölkə başçısı çıxışında bu məsələ barəsində danışarkən bildirdi ki, 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləyib: “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Əli Hüseynli,
Milli Məclisin deputatı