13 noyabr 2024 15:40
107

Məqsədlərimizə çatmaq istəyiriksə, açıq və proqnozlaşdırıla bilən ticarətə ehtiyacımız var - Nqozi Okonjo-İveala

Ticarət COP konfranslarında çox yayılmış və populyar olan bir mövzu olmayıb. Ona görə də mən Azərbaycan hökumətini təqdir etmək istəyirəm ki, sabah ilk ticarət sərmayəsi və maliyyə gününü birlikdə keçirəcəyik.

“İki sahil” xəbər verir ki, bu barədə COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində keçirilən “Əməkdaşlığın gücü: xalis sıfır üçün birləşdirici qüvvələr” adlı plenar sessiyada çıxışı zamanı Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala deyib.

O qeyd edib ki, ticarət olmadan özümüzə qoyduğumuz karbonsuzlaşdırma məqsədlərinə həqiqətən nail ola bilməyəcəyimizə inanırıq.

“Məqsədlərimizə çatmaq istəyiriksə, açıq və proqnozlaşdırıla bilən ticarətə ehtiyacımız var. Ticarət və iqlim siyasətlərini uyğunlaşdırmalıyıq. Ticarət siyasətləri ilə iqlim siyasətlərinin uyğun gəlmədiyi və bir-birinə zidd olduğu ideyası əslində qəbul etmədiyimiz fikirdir. Ticarət COP konfranslarında çox yayılmış və ya populyar olan bir mövzu olmayıb. Ona görə də mən Azərbaycan hökumətini təqdir etmək istəyirəm ki, sabah bizim ilk ticarət sərmayəsi və maliyyə gününü birlikdə keçiririk.

Pandemiya zamanı, məsələn, insanların maliyyəyə çıxışı olduğunu, lakin peyvəndlərə çıxış əldə edə bilmədiklərini gördük, çünki bu ixrac məhdudiyyətlərini dayandıran məhdudlaşdırıcı ticarət siyasətimiz var idi”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.