13 noyabr 2024 19:28
100

Con Podesta: ABŞ iqlim dəyişikliyi ilə mübarizə və davamlı gələcəyin təmin edilməsinə sadiqdir

ABŞ qlobal istiləşmənin 1,5°C həddində saxlanılmasına yönəlmiş davamlı gələcəyin təmin edilməsinə və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqdir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin baş müşaviri Con Podesta Bakıda keçirilən COP29-un Liderlər Sammitinin yüksək səviyyəli iclasında Prezident Cozef Baydenin adından bildirib.

C.Podesta 2024-cü ilin tarixdə ən isti il olacağını qeyd edib və iqlim dəyişikliyinin ABŞ-də qasırğalar, Cənubi Afrikada quraqlıq və Kolumbiyada daşqınlar kimi fəlakətli nəticələrini nümunə gətirib. O vurğulayıb ki, həssas icmaların təkcə iddialı vədlərə deyil, həm də real tədbirlərə ehtiyacı var.

"Son dörd ildə Bayden administrasiyası iqlim dəyişikliyi ilə mübarizə üçün misli görünməmiş resurslar səfərbər edib. ABŞ özəl investisiyalar və inflyasiyanın azaldılması haqqında qanunun qəbul edilməsi sayəsində dekarbonizasiya səylərini davam etdirəcək. ABŞ 2024-cü ilin sonuna qədər ildə 11 milyard dollar məbləğində beynəlxalq iqlim maliyyəsi öhdəliyini yerinə yetirəcək", - baş müşavir qeyd edib.