14 noyabr 2024 17:45
150

Riyakarlıq edən AŞPA da, Avropa Parlamenti də Makron rejimi ilə birlikdə məsuliyyəti bölüşürlər - Elman Nəsirov

Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyev COP29 tədbiri çərçivəsində inkişaf etməkdə olan ada dövlətlərinin sammitində iştirak edib və çox dərin məzmunlu uzağagedən siyasi nəticələr çıxarmağa imkan verən bir çıxış etmişdir. Bu çıxışında cənab Prezident diqqəti ona cəlb etmişdir ki, iqlim dəyişiklikləri ilə bağlı yaranmış problemlər öz məzmunu etibarı ilə planetar xarakter daşıyır. Heç bir dövlət deyə bilməz ki, bu problemdən kənarda qala bilər. Eyni zamanda, Azərbaycan dövləti iqlim dəyişikliklərinin fəsadlarını öz üzərində hiss edir. Cənab Prezident bu baxımından Xəzər dənizinin dayazlaşması məsələsinə diqqəti cəlb etdi. Qeyd etdi ki, xüsusilə bu problemdən ən çox əziyyət çəkən dövlətlər bu inkişaf etməkdə olan ada dövlətləridir. Bu dövlətlərə inkişaf etmiş dövlətlərin qayğısı olmalıdır. Qeyd etdi ki, Azərbaycan bu sahədə həqiqətəndə nümunəvi bir dövlətdir. Ölkəmiz ada dövlətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır, xüsusi ilə də 4 il ərzində Qoşulmama hərəkatının sədri olarkən bu ölkələrdə zəlzələlərin, daşqınların, qasırğaların ağır nəticəcələrinin aradan qaldırılması prosesinə töhfə verib. Eyni zamanda,  Azərbaycan məhz bu cür dövlətlərə dəstək məqsədi ilə də 10 milyon vəsaitin ayrılması ilə bağlı da öz mövqeyini ifadə etdi.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Elman Nəsirov vurğuladı ki, dövlət başçısı bu kontekstdə xüsusilə Fransa və Hollandiyanın adını çəkdi. Bu ölkələr yeni müstəmləkəçilik siyasəti həyata keçirirlər. Xüsusilə də hər iki dövlətin "dənizarxası" adlandırılan ərazilərdə həyata keçirdiyi yeni müstəmləkəçilik siyasətinə diqqəti cəlb etdi. Makron rejiminin Fransa Polineziyası, Yeni Kaledoniyada atdığı qeyri-insani addımlara beynəlxalq hüquqa zidd olan davranışlarına toxundu. Cənab Prezident vurğuladı ki, məsələn, Yeni Kaledoniyada toqquşmalar zamanı Fransa polisi 13 nəfəri qətlə yetirib, 169 nəfər yaralanıb, 1700 nəfər həbs edilib. Bu ölkələrin çox ağır bir iqlim dəyişikliyi ilə bağlı problemləri var və onların həllinə heç bir Fransa höküməti diqqət yetirmir və öz azadlıq səsini qaldıran insanlar isə ölümlə hədələyir, onların həbsini həyata keçirir. Fransa Yeni Kaledoniyada ağır müstəmləkəçlilik siyasəti həyata keçirir və onlara qarşı ekoloji baxımından terror siyasəti, çox ciddi təzyiq siyasəti həyata keçirir. 1966-cı ildən sonrakı 30 il ərzində Fransa Yeni Kaledoniyada 193 dəfə nüvə silahları sınağı həyata keçirib. Bu nüvə silahlarının sınağı ilə yerli əhaliyə qarşı çox dəhşətli fəsadlar yaşadıb. Radiasiyanın yaratdığı fəsadlar Yeni Kaledoniya əhalisi üzərində  hiss olunur, onlar çox böyük xəstəliklərə düçar olublar. Bu səbəbdən öz həyatları ilə vidalaşırlar. Bu da gecə-gündüz demokratiyadan, insan haqlarından danışan Fransanın anti-insani, anti- bəşəri siyasətinin təsdiqidir. 

Deputat bildirdi ki, Fransanın və Niderlandın bütün bu qanunazidd hərəkətlərinə nə Fransanın özünün müvafiq qurumları, nə Avropa Şurası Parlament Assambleyası, nə Avropa Parlamenti heç bir reaksiya vermir və susqunluq nümayiş etdirirlər. Deməli, riyakarlıq edən bu qurumlar da Makron rejimi ilə birlikdə  məsuliyyəti bölüşürlər. Azərbaycan dövləti hər zaman bu ada dövlətlərinin yanındadır, bu xalqların mövqeyini dəstəkləyir və həmişə də bu siyasətinə sadiq qalacaq.

Səbinə Kazımova, “İki sahil”