15 noyabr 2024 08:12
240

Rusiyanın Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq

Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev donanmanın yaradılmasının 302-ci ildönümü münasibətilə dənizçiləri təbrik edərkən bildirib.

Moiseyevin sözlərinə görə, yaxın perspektivdə donanma ən müasir gəmilər və silahlarla təchiz edilməyə davam edəcək ki, bu da cənub dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək və Xəzər dənizində ölkənin iqtisadi fəaliyyətini dəstəkləmək vəzifələrini səmərəli yerinə yetirməyə imkan verəcək. O, donanmanın bu sərhədlərin müdafiəsində mühüm rol oynadığını və dənizçilərin qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini qeyd edib.

Admiral xatırladıb ki, son “Okean – 2024” strateji komanda-qərargah təlimləri çərçivəsində donanma qüvvələri yüksək peşəkarlıq nümayiş etdiriblər. Belə ki, Xəzər dənizində keçirilmiş təlimlərdə onlarla döyüş vahidi iştirak edib və şərti düşmən hədəflərinə qarşı kompleks zərbələr endiriblər.

Qeyd edək ki, bir sıra ekspertlər Rusiyanın hərəkətlərindən narahatlıqlarını ifadə edirlər və bunun 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın pozulması ola biləcəyini göstərirlər. İran istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir, lakin akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir.