15 noyabr 2024 13:56
88

Azərbaycan Britaniya şirkəti ilə “yaşıl iqtisadiyyat”a keçidi müzakirə edib

COP29 çərçivəsində Azərbaycan Böyük Britaniyanın “EY” şirkəti ilə enerji keçidi və dayanıqlı və yaşıl iqtisadiyyata keçidi müzakirə edib.

“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və “EY” şirkətinin dayanıqlılıq üzrə qlobal sədr müavini Emi Brakio ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ölkəmizdə innovasiya ekosisteminin vəziyyəti və müasir çağırışlarla bağlı müzakirələr aparılıb. Dayanıqlı və yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün görülən işlər nəzərdən keçirilib.

“Yaşıl” layihələrin reallaşdırılması, təmiz texnologiyaların tətbiqi və iqlim fəaliyyətinin hədəfləri ilə uzlaşan sərmayələrin təşviqi sahəsində mövcud imkanlar diqqətə çatdırılıb. Dayanıqlı inkişaf məqsədlərinə xidmət edən biznes strategiyalarının, ekoloji dayanıqlığı dəstəkləyən investisiyaların təşviqinin və dövlət-özəl tərəfdaşlığının önəmi vurğulanıb.

Tərəflər Azərbaycanda dayanıqlı iqtisadi artım, insan kapitalının inkişafı və “yaşıl” bacarıqların artırılması, enerji keçidi strategiyaları və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparıblar.