15 noyabr 2024 16:18
89

COP29 çərçivəsində “Afrika Dayanıqlı Ticarət Təşəbbüsü” ilə bağlı sessiya keçirilib

COP29 çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri Ticarət Mərkəzinin təşkilatçılığı ilə “Afrika Dayanıqlı Ticarət Təşəbbüsü”nə dair sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, sessiyada Afrikada dayanıqlı ticarətin gələcəyinin formalaşdırılması məsələləri müzakirə olunub.

Afrika İxrac-İdxal Bankının icraçı vitse-prezidenti Kanayo Avani bildirib ki, COP29-da iştirak Afrika ölkələrindən olan nümayəndələr üçün mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliyinin təsirləri təkcə qlobal ekosistemə deyil, həm də cəmiyyətlərin sosial-iqtisadi inkişafına ciddi təsir göstərir. Bu təsirlərlə mübarizə aparmaq və daha davamlı gələcək qurmaq üçün hərtərəfli düşünülmüş yanaşmaların və kollektiv səylərin vacibliyi danılmazdır.

O, Afrika üçün xüsusi əhəmiyyət kəsb edən davamlı ticarətin roluna da toxunub. Qeyd edib ki, Afrika qitəsi iqlim dəyişikliyinə qarşı mübarizədə həm dayanıqlılığın artırılması, həm də iqtisadi inkişafa töhfə verəcək ticarət mexanizmlərinin inkişaf etdirilməsinə ehtiyac duyur. COP29-dakı müzakirələr yalnız qlobal iqlim hədəflərinə töhfə vermək deyil, həm də Afrikanın ticarət potensialını iqlim dəyişmələrinə uyğun şəkildə genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır. O, belə beynəlxalq platformaların davamlı inkişafın təmin olunması istiqamətində qitənin kollektiv gücünü və qlobal əməkdaşlıq səylərini gücləndirəcəyinə ümid etdiyini bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit nazirinin müavini Məhəmməd Əl Nuaymi çıxışında qloballaşan və qarşılıqlı asılılığın artdığı dünyada dayanıqlı ticarət praktikasının mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, qlobal iqtisadi və ekoloji sistemlərin bir-biri ilə sıx əlaqəsi ticarət fəaliyyətlərinin iqlim hədəfləri ilə uyğunlaşdırılmasını zəruri edir. Bu yanaşma həm iqtisadi inkişafın, həm də ekoloji tarazlığın qorunması üçün həyati əhəmiyyət daşıyır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız dövlətlərin səyləri ilə məhdudlaşmamalı, həmçinin özəl sektorun fəal iştirakı ilə dəstəklənməlidir: “Xüsusilə COP29 kimi beynəlxalq platformalar davamlı inkişafın təşviq edilməsi və qlobal miqyasda birgə fəaliyyət üçün unikal imkanlar yaradır. Bu çərçivədə irəli sürülən innovativ yanaşmalar və maliyyə mexanizmləri yalnız iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək deyil, həm də iqtisadi tərəqqiyə töhfə vermək üçün vacib alətlərdir. Dayanıqlı ticarətin təşviqi iqlimə uyğun iqtisadiyyatların formalaşdırılmasında əsas təməllərdən biridir”, - deyə Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi qeyd edib.

Qeyd olunub ki, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) dayanıqlı sənayeləşməni təşviq etmək və qitənin sıfır karbonlu gələcəyə keçidini dəstəkləmək baxımından unikal imkanlar təqdim edir. AfCFTA-nın təşviq etdiyi sənayeləşmə modeli həm Afrikanın iqtisadi inkişafını təmin edir, həm də iqlim məqsədləri ilə uyğun olan aşağı karbonlu inkişaf yolunu dəstəkləyir. STA Afrikaya daxil olan və qitədə ticarət və investisiyaları artırmaq üçün effektiv platforma rolunu oynayır. Bu təşəbbüs Afrikanın dayanıqlı iqtisadi inkişaf potensialını nümayiş etdirmək və AfCFTA-nın təqdim etdiyi imkanları vurğulamaqla, birbaşa xarici investisiyaların cəlb olunmasına, Afrikanın inkişaf gündəmini dəstəkləyən tərəfdaşlıqların qurulmasına kömək edə bilər.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digərləri diqqətə çatdırıblar ki, dayanıqlı ticarət yalnız iqtisadi artımı deyil, həm də sosial ədalət və ekoloji davamlılığı təmin edir. Bu məqsədlə yaşıl enerji layihələrinin təşviqi və karbon emissiyalarının azaldılmasına yönəlmiş strategiyaların həyata keçirilməsi vacibdir.

Tədbir iştirakçıları dayanıqlı ticarət təşəbbüslərinin qlobal miqyasda tanıdılması və Afrikanın qlobal iqlim gündəmində daha güclü mövqe tutması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Belə təşəbbüslərin həm qitənin iqtisadi inkişafına, həm də iqlim dəyişikliklərinə qarşı mübarizəsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

Sonra sessiya panel müzakirələrlə davam etdirilib.