Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”-ə bildiriblər ki, görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.
Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə ev sahibliyi etdiyi üçün ölkəmizə təbriklərini çatdırıb.
Fikir mübadiləsi zamanı COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı vurğulanıb və görülən işlər yüksək qiymətləndirilib.
Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlər göstərdiyi, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb, COP29-un müzakirə edilən mövzuların aktuallığı, dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfələri baxımından çox mühüm beynəlxalq tədbir olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdikləri COP29-a böyük marağın göstərildiyi və tədbirdə 70 mindən çox qonağın iştirak etməsinin bunun bariz ifadəsi olduğu bildirilib.
Görüşdə Milli Məclislə Parlamentlərarası İttifaq arasındakı münasibətlər yüksək dəyərləndirilib, Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyi, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Bu əməkdaşlığın nəticəsi olaraq, COP29 çərçivəsində keçiriləcək Parlament Görüşünün yüksək səviyyədə keçiriləcəyinə inam ifadə edilib.
Tərəflər konfransda müzakirə ediləcək məsələlərin əhəmiyyəti, iqlim dəyişikliklərinə qarşı atılacaq gələcək addımların müzakirəsi baxımından bu tədbirin vacibliyini vurğulayıblar.