“Nobel Enerji” şirkəti tullantı qazların emalı ilə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azalda bilər.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında “Nobel Enerji” şirkətinin texniki məsələlər üzrə rəhbəri Mustafa Şahingöz deyib.
O bildirib ki, şirkət sənaye obyektlərindən çıxan karbon qazı və digər istixana qazlarının azaldılması üçün xüsusi proseslər həyata keçirir: “Tullantı qazların toplanması və emal edilməsi texnologiyası sayəsində karbon qazı, hidrogen-sulfid və digər zərərli qazları effektiv şəkildə ayıraraq təkrar istifadə edirik. Bu proseslər tullantı qazların emalını təmin edir və atmosferə buraxılacaq zərərli emissiyaların qarşısını alır".
M.Şahingöz əlavə edib ki, karbon qazının maye halına gətirilərək təkrar istifadəsi, yəni "karbon tutma prosesi", ekoloji tarazlığın qorunmasında mühüm əhəmiyyət daşıyır: “Bu üsul sənaye obyektlərində karbon emissiyalarının uzunmüddətli saxlanması və ətraf mühitin mühafizəsi baxımından strateji əhəmiyyət kəsb edir. Biz bu texnologiya ilə karbon emissiyalarını azaltmaqla yanaşı, hidrogen-sulfid və su buxarını da effektiv şəkildə ayırırıq. Bu isə yalnız ətraf mühitin qorunması ilə məhdudlaşmır, həm də iqtisadi səmərəliliyin artırılmasına töhfə verir”.
O, həmçinin vurğulayıb ki, “Nobel Enerji” şirkəti gələcəkdə karbon tutma texnologiyalarının inkişafını dəstəkləmək və bu sahəyə daha çox investisiya yatırmaq niyyətindədir. “İqlim dəyişikliyinin təsirlərini azaltmaq və “yaşıl enerji” həllərinə keçid etmək üçün innovativ texnologiyalara investisiya qoyuluşu prioritetlərimiz sırasındadır”.