Noyabrın 16-da ADA Universitetinin beyin mərkəzi olan İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Dünya Elm Gününə həsr olunan “Xəzər dənizi kritik vəziyyətdədir: fəsadların aradan qaldırılması üçün regional hüquqi baza və adaptasiya strategiyaları” mövzusunda müzakirə keçirilib.
“İki sahil” xəbər verir ki, yerli və xarici ekspertlərin çıxış etdiyi elmi müzakirədə COP29 Elm Şurasının İdarə Heyətinin müxtəlif ölkələri təmsil edən üzvləri, beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri, tədqiqatçılar və mövzu üzrə sahəvi təcrübəyə malik ekspertlər iştirak ediblər.
Tədbirdə bu il ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumundakı fikirlərdən irəli gələn mövzular müzakirə edilib.
Elmi diskussiya formatında təşkil edilən görüş iqlim tədbirinin təşkili ilə bağlı artıq təcrübəsi olan, buna hazırlaşan ölkələrin nümayəndələrini bir araya gətirərək keçmiş, indiki və gələcək ev sahibləri arasında əlaqələrin qurulmasını təmin edib.
Müzakirə akademik əlaqələrin genişlənməsini, elm adamları arasında şəbəkələşməni, bilik və təcrübə mübadiləsini təmin edib.
İsveçrənin Cenevrə Universitetində Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Aleksandr Hecazi, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Kaliforniya Texnologiya İnstitutunun professoru Sassan Saatçi çıxışlarında iqlim məsələlərinin həllində insan və elmi kapitalın idarə edilməsi kimi mövzulara da toxunublar.
BMT-nin Ətraf Mühit - Tehran Konvensiyasının Katibliyindən Mahir Əliyev “Ətraf mühit Xəzər sessiyası üçün idarəetmə çərçivələri: irəli yol” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Xəzər dənizində suyun səviyyəsi narahatedici dərəcədə azalıb. Məruzəçi Xəzəryanı ölkələrin bu kritik vəziyyəti həll etməsi üçün bir araya gəlmələrinin vacibliyini qeyd edib.
COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal və Regional Təşəbbüslər Komandasının həmrəhbəri, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov davamlı inkişaf üçün əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Noyabrın 20-də “Ağıllı şəhər” konsepsiyası üzrə müqavilə imzalanacağını diqqətə çatdıran Elmar Məmmədov Xəzər dənizinin iqlim dəyişiklərinin fəsadlarının aradan qaldırılması üçün mühüm strategiyaya ehtiyac olduğunu söyləyib.