16 noyabr 2024 16:19
98

COP29-da iştirak üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş olub FOTO

Gənclər və İdman Nazirliyində COP29-da iştirak etmək üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall, dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner, “Udineze”nin sahibi Maqda Pozzo, “Liverpul”un təsir üzrə direktoru Rişi Jain, “Fənərbağça”nın dayanıqlılıq üzrə direktoru Gülcə Şənərən, “Atletiko”nun dayanıqlılıq və məsuliyyətli biznes üzrə rəhbəri Rosiya Torres, “Portu”nun dayanıqlılıq üzrə meneceri Teresa Santos, "Tottenhem”in dayanıqlılıq üzrə meneceri Markus Perri, “Real Betis” fondunun baş meneceri Rafel Muela Pastor, “Flamenqo”nun direktoru Katya Alensar və "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov iştirak ediblər.

“Qarabağ”ın təklifini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirən nazir Fərid Qayıbov COP29 çərçivəsində artıq bir çox futbol ulduzunun və mütəxəssisin Azərbaycana gəldiyini xatırladıb. 700-dən çox futbol klubunun birləşdiyi Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall təşkilatın missiyası barədə məlumat verib. Qonaqlar təmsil etdikləri klubların fəaliyyətləri ilə bağlı danışıblar.

Görüş zamanı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.