Bakıda keçirilən COP29-dakı çoxsaylı qonaqlar Azərbaycan təbiəti ilə tanışlıq imkanını həm də amerikalı fotoqraf Bred Uilsonun (Brad Wilson) fotosərgisində əldə edir.
COP29 çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Mavi Zonada təqdim olunan “Digər dünya” (The Other World) adlı sərgi ölkəmizin faunasının gözəlliyini kəşf etməyə dəvət edir.
Klassik heyvan portretləri çoxsaylı şəxsi və muzey kolleksiyalarında saxlanılan Bred Uilsonun COP29-da təqdim etdiyi əsərlərin özəlliyi ondan ibarətdir ki, heyvanlar kontekstdən və diqqətdən yayındırmadan qara fonda çəkilib. Fotoqrafın bu üsulla yaratdığı portretlər tamaşaçı ilə təsvirlər arasında daxili dialoqa təkan verir, insanlara təbiətlə əbədi əlaqəni xatırladır.
Sərgisinin təşkili məqsədilə avqust ayında ölkəmizə səfər edən amerikalı fotoqraf Şamaxıda Alpaka fermasında, Safari parkda olub, həmçinin Bakıdakı Binə Atçılıq Mərkəzində Qarabağ atları ilə çoxsaylı fotoçəkilişlər edib.
Layihənin COP29-dakı təqdimatında çıxış edən müəllif Bred Uilson və kurator Olqa Daniele Azərbaycan təbiəti, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanışlığa dəstək göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürlərini bildirib. Fotoqraf Azərbaycanı “incəsənət, memarlıq və həyat tərzində müasir ideyaları əhatə edən, eyni zamanda keçmişini yaddan çıxarmayan və şərəfləndirən bir məkan” kimi təsvir edib.
Bred Uilson müəllifi olduğu işlərdə ətrafdakı gözəlliklə yanaşı qeyri-adi, mürəkkəb anları da lentə almağa çalışır. Təsadüfi deyil ki, onun fotoşəkilləri Microsoft, Apple, Sony, CNN, CBS News, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), Greenpeace təşkilatının məqalələrində və reklamlarında yer alıb.
Orxan Vahidoğlu, "İki sahil"