19 noyabr 2024 01:26
179

Azərbaycan Zəfərini sülh müqaviləsi ilə möhkəmləndirməkdə israrlıdır

Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində ciddi irəliləyiş əldə edilib, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib. Sülh müqaviləsinə gəldikdə isə, artıq onun mətninin xeyli hissəsi razılaşdırılıb.

Sazişin imzalanması yolunda ən böyük maneə Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiasıdır ki, o da hələ  təcavüzkar ölkənin daxili siyasətinin tam prioritet mövzusuna çevrilməyib. Şübhəsiz, bu yolla təcavüzkar ölkə özünün və havadarlarının regiondakı maraqlarını qorumağa çalışır. Havadarları da Ermənistanı inandırmağa çalışırlar ki, heç bir halda bu addımı atmaq olmaz.  Əks təqdirdə  bu, zəiflik kimi qəbul ediləcək və Bakını əlavə addımlara təşviq edəcək. Bu kimi “məsləhətləri” ilə havadarları, xüsusilə Makron Fransası məkrli niyyətlərini həyata keçirmək məqsədilə Hayastanı silahlandırmaqla, revanşistlərə yardımı davam etdirməklə onu növbəti fəlakətə sürükləyirlər. Bütün bunların fonunda Ermənistan havadarlarının diktəsi ilə aydın təsəvvürə malik olmayan strateji saziş məsələsini də ortaya atıb.

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gündəmində hazırda əsas mövzu noyabrın sonuna qədər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  olduğunu nəzərə alan siyasətçilərin fikrincə, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi istiqamətində danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq. Çünki Erməninstandan fərqli olaraq sülh  Azərbaycanın əsas prioritetidir. Odur ki, rəsmi Bakı Ermənistanın gələcək fəlakətlərə xidmət edən yarımçıq sülh müqaviləsi ilə razılaşmır. Yəni, təkidlə bildirir ki, sülh müqaviləsi yalnız bütün müddəaların və şərtlərin qarşılıqlı razılaşdırılması əsasında imzalana bilər.

Prezident İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bir daha sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini vurğulayıb. Bildirib ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.

Xatırladaq ki, Ermənistan COP29 kimi mötəbər tədbirdə iştirak etmir. Halbuki, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri ilə desək, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı: “Amma Ermənistan özü bundan kənara çəkildi”. Şübhəsiz, rəsmi İrəvan bu  addımı xaricdəki anti-Azərbaycan qüvvələrin təhriki ilə atdı.

Bütün bunlara baxmayaraq, rəsmi Bakı beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsinin irəli sürdüyü şərtlər əsasında imzalanması üçün real addımlar atmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu da bir daha ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını bir daha göstərir.

Bu günlərdə, daha doğrusu, noyabrın 16-da “Bizim kommunikasiyaların açılması məsələsində tamamilə qarşılıqlı məqbul həll yolu tapa biləcəyimiz ehtimalı yüksəkdir” və "İki ölkə arasında sülh nəinki mümkündür, hətta əlçatandır" deyən baş nazir Nikol Paşinyan  son illərdə Ermənistan Konstitusiyasının preambulasındakı Müstəqillik bəyannaməsini dəfələrlə oxuduğunu və bu sənədin ölkəsinin mövcudluğunu şübhə altına aldığını bildirib. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir neçə dəfə bəyan edib. Hətta o, bu il Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda demişdi ki, bizə xalqın özü tərəfindən yazılan və qəbul olunan  konstitusiya lazımdır. O, bunu dünyada və Cənubi Qafqazda baş verən dəyişikliklərlə izah etmişdi. Amma o, indiyədək bu istiqamətdə real addımlar atmayıb. Kim bilir, bəlkə Nikol Paşinyanın son açıqlaması da növbəti manipulyasıyasıdır? Yəni, sülh müqaviləsini imzalamağı bilərəkdən ləngitməkdir.

Amma hər halda Paşinyanın bu növbəti açıqlamasını rəsmi Bakının əsas, yəni Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirmək, həmçinin sülhə və qonşuluğa diplomatik yanaşmalarını köklü şəkildə yenidən qurmaq  istəyi kimi də görünür. Bunu da Azərbaycanın sülh istiqamətində atdığı qətiyyətli addımların nəticəsi kimi dəyərləndirmək olar. Bu məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı dediyi bu sözləri də xatırlatmaq yerinə düşər: “Can Azərbaycanın Vətən müharibəsində şəhidlər verərək qazandığı zəfəri sülh müqaviləsi ilə möhkəmləndirməsinə ümid edirik". Şübhəsiz, Azərbaycan düşünülmüş siyasəti ilə bunu da reallığa çevirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”