18 noyabr 2024 18:28
123

COP29: "Uşaqlar və gənclərin iqlim fəallığı" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Uşaqlar və gənclərin iqlim fəallığı" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

Tədbir COP29-un Gənc İqlim Çempionu Leyla Həsənovanın moderatorluğu ilə təşkil olunub.

UNFCCC-nin İcra üzrə Yardımçı Qurumunun sədri Nabil Munir COP29 Prezidentliyinə uşaq və gənclərin iqlim fəaliyyətində, o cümlədən UNFCCC prosesində rolunun gücləndirilməsinə verdiyi davamlı töhfələrə görə minnətdarlığını bildirib. O, iqlim dəyişikliyinin uşaqlara qeyri-mütənasib təsirinin tanınması baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Gənclər Gününü BMT-dən qabaq təsis etdiyini diqqətə çatdırıb: "Gənclər Günü bizim üçün xüsusi gündür. Həmin həftə ərzində müxtəlif tədbirlər həyata keçiririk. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda 35-dən çox gənclər evi, 300-dən çox gənclər təşkilatı var. Bu, gənclərin müxtəlif fəaliyyətlər həyata keçirməsi üçün yaxşı fürsətdir. Biz çoxlu beynəlxalq tədbir təşkil edirik və bu il bizim üçün xüsusidir. Biz Türk Dövlətləri Təşkilatının üzvüyük və bu il şəhərlərimizdən biri olan Lənkəran bu təşkilatın gənclər paytaxtı, Şuşa isə İslam gənclər paytaxtı elan edilib. Bunlarla yanaşı, bu il COP Bakıda keçirildiyinə görə gənclər üçün beynəlxalq ekoloji forum təşkil etdik. Bunu Bakı Qərarı adlandırdıq. Burada ilk dəfə 10-dan çox ölkə iştirak etdi və biz bunu davam etdirəcəyik”.

O, Gənclər və İdman Nazirliyinin müxtəlif beynəlxalq təşkilatlarla işlədiyini, xüsusilə UNICEF-lə çox sıx əməkdaşlıq etdiyini söyləyib: "Birlikdə müxtəlif layihələrimiz var. Mən gənclərə də təşəkkür etmək istəyirəm. Onlar bu il ərzində böyük işlər gördülər. Təkcə paytaxtda deyil, müxtəlif bölgələrə gedib iqlim dəyişikliyi ilə mübarizədə nə etməli olduğumuz barədə danışıblar. Belə ki, beynəlxalq təşkilatlarla birlikdə bu istiqamətdə işimizi davam etdirəcəyik".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29-da aparılan müzakirələrin birgə həll yolları tapmaq üçün nadir fürsət olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edərək deyib: “İşimiz uşaqların və ailələrin hüquq və rifahının qorunmasına yönəlib. Lakin iqlim dəyişikliyi bu vəzifəyə tamamilə yeni bir ölçü əlavə edir. Onun təsirləri təkcə ekoloji deyil, eləcə də sosial xarakter daşıyır. İqlim dəyişikliyinin təhsil və səhiyyəyə təsiri vasitəsilə yaranan pozuntular dünya ölkələrində uşaqlara, ailələrə və icmalara birbaşa təsir göstərir. Beləliklə, ətraf mühitin təsirlərindən hərtərəfli qorunma təkcə gələcəyə sərmayə deyil, həm də Paris Sazişinin və Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə xidmət edir. İnsan inkişafı işimizin mərkəzində durur və bu diqqətin əhəmiyyəti iqlim dəyişikliyi qarşısında yalnız artır”.

Dəyirmi masada insan inkişafı (təhsil, sağlamlıq və sosial müdafiə) ilə bağlı uğurlu təcrübələr və davam edən təşəbbüslərdən danışılıb, UNFCCC prosesində uşaq və gənclərin ehtiyacları, onların perspektivlərinin daha da inteqrasiya olunması üçün potensial addım nöqtələri araşdırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”