“Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir. Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır”.
“İki sahil” xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.
O vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir: “Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin gücləndirilməsidir, əsas da qadın fermerlərin”.
Onun sözlərinə görə, fermerlər tərəfindən kənd təsərrüfatı sahəsində emissiyalar və tullantılar çoxdur.
“Hər birimiz ərzaq təhlükəsizliyini təmin etməliyik. Qadın fermerlərin iqlim dayanıqlılığının güclənməsində böyük rolu var. Fermer qruplarını dəvət edirəm ki, bu təşəbbüsə qoşulsunlar”,- deyə o qeyd edib.