19 noyabr 2024 13:01
79

Sabah “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək

Sabah COP29 çərçivəsində Urbanizasiya, Turizm və Nəqliyyat Günü olacaq.

“İki sahil” bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, həmin gün “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunacaq.

Ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür.

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.

Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur. 150 ədəd “LEVC TX5” markalı “plug-in hibrid” taksilər də gətirilib.