İqlim fəaliyyətində gənclərin rolu əvəzolunmazdır.
“İki sahil” xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova "İqlim dəyişikliyinin təhsil vasitəsilə çatdırılması: gənclərin və təhsil verənlərin həlledici rolu" mövzusunda tədbirdə deyib.
"Gənclər iqlim fəaliyyətinin hərəkətverici qüvvəsidir. Bu mənada onların rolu əsasdır, əvəzolunmazdır. Bu potensialı reallaşdırmaq, gənclərimizi iqlim qərarlarının qəbulu və fəaliyyətində mənalı iştirak üçün həqiqətən gücləndirmək üçün biz ilk növbədə iqlim dəyişikliyi təhsilini prioritetləşdirməliyik. Bu təhsil nəsillər arası əməkdaşlığı təşviq etmək üçün təməl daşıdır", - o qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi təhsili transformativ olmalıdır: "O, hər kəsi iqlim böhranını başa düşmək üçün lazımi bilik və bacarıqlarla təmin etməlidir. Hamı üçün faydalı olsa da, bu, xüsusilə ən çox qazanc əldə edəcək uşaqlar və gənclər üçün çox vacibdir. Bunun mərkəzində isə müəllimlərimiz dayanır".