19 noyabr 2024 16:37
89

COP29-da tədris proqramlarının yaşıllaşdırılması və pedaqoqların imkanlarının genişləndirilməsi təklif olunub

İqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş səmərəli proqramlar hazırlanmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova COP29 çərçivəsində keçirilən "İqlim dəyişikliyinin təhsil vasitəsilə çatdırılması: gənclərin və təhsil verənlərin həlledici rolu" mövzusunda tədbirdə deyib.

"COP29 həmçinin ölkələrin iqlim təhsilinə öhdəliklərini təmin etmək üçün səmərəli platformadır. Həqiqətən də, iqlim dəyişikliyi təhsili insanlara iqlim böhranının təsirini başa düşməyə və həll etməyə kömək edir", - o vurğulayıb.

Onun sözlərinə görə, təhsil hər bir tələbəni iqlim dəyişikliyinə hazırlamaqda mühüm rol oynayır: "Odur ki, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş səmərəli proqramlar hazırlanmalıdır. Təhsilin yaşıllaşdırılmasına siyasi öhdəliyin səfərbər edilməsi və gücləndirilməsi vacibdir. Bu mənada gənclər aparıcı rola malikdir. Tədris proqramlarının yaşıllaşdırılması və pedaqoqlar üçün imkanların genişləndirilməsi vacibdir".

Deputat deyib ki, iqlim fəaliyyətinə yönəlmiş könüllü proqramlar bu prosesdə mühüm əhəmiyyət kəsb edir: "Könüllülərin iqlim dəyişikliyi ilə mübarizədə və davamlılığın qurulmasında rolu əvəzsizdir. Könüllülərin və könüllü təşkilatların iqlimə aid təhsil, təlim və təbliğat fəaliyyətlərində iştirakı səmərəli nəticələr verə bilər".