19 noyabr 2024 17:27
86

Almaniyanın vitse-kansleri ilə yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq müzakirə edilib

COP29 çərçivəsində Almaniyanın vitse-kansleri ilə görüşdə bərpaolunan enerji layihələri və yaşıl hidrogen sahəsində təşəbbüslər müzakirə olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlim fəaliyyəti üzrə federal naziri Robert Habek ilə görüşüblər.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri, həmçinin Almaniya ilə iqtisadi əlaqələrə, o cümlədən yaşıl enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa önəm verdiyi vurğulanıb. Ölkələr arasında ticarət, investisiya, alternativ enerji, iqlim fəaliyyəti, azad olunan ərazilərin bərpasında iştirak və digər istiqamətlər üzrə tərəfdaşlıq imkanları qeyd olunub.

Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, bərpaolunan enerji layihələrində alman şirkətlərinin iştirakı, yaşıl hidrogen sahəsində təşəbbüslər, yaşıl enerji dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq barədə müzakirə aparıblar.