20 noyabr 2024 12:30
169

COP29-da "Yaşıl Türkiyə sərgisi"- Türkiyənin yaşıl sərvəti...

Azərbaycanın paytaxtı Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi tərəfindən "Sıfır tullantı" mövzusunda qurulan stendi Yaşıl Zona iştirakçılarının və ziyarətçilərinin böyük marağına səbəb olub.

COP29 zamanı rəqəmsal olaraq keçirilən “Yaşıl Türkiyə Sərgisi”nin məqsədi Türkiyənin unikal yaşıl sərvətini beynəlxalq auditoriyaya nümayiş etdirməkdir. Bu sərgi daha dayanıqlı gələcəyin qurulması, sağlam ekoloji mühitin gücləndirilməsi, balanslaşdırılmış dayanıqlılıq üçün biomüxtəlifliyin qorunması və bu aktivlərin ortaq mədəni irs kimi tanınması kontekstində Türkiyənin yaşıl aktivlərinin əhəmiyyətini ortaya qoyur.

COP29-un Yaşıl Zonasında Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin "Sıfır tullantı" əsas mövzusu ilə qurduğu pavilyonda ziyarətçilərə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, BMT-nin Sıfır Tullantı Məsləhət Şurasının sədri Əminə Ərdoğanın təşəbbüsləri ilə başladılan "Sıfır tullantı" layihəsi haqqında məlumat verilir.

Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinin üçölçülü görüntülərlə, video, infoqrafika və qısametrajlı filmlərlə nümayiş olunduğu, dizaynı və vizuallığı ilə diqqət çəkən stendə ziyarətçilər tərəfindən böyük maraq var.

Məlumat üçün bildirək ki, stenddə iqlim dəyişikliyi və yaşıl enerji ilə bağlı müxtəlif məzmunlu tədbirlər təşkil edilir, Türkiyənin iqlim dəyişikliyi, "Sıfır tullantı" layihəsi və bərpa olunan enerji başda olmaqla, son dövrlərdə əldə etdiyi nailiyyətlər və layihələrin təqdimatına dair rəqəmsal vizual işlər iştirakçılarla paylaşılır.

Stenddə həmçinin Türkiyəyə xas endemik bitkilər və nəsli kəsilməkdə olan heyvanların rəqəmsal təsvirlərinin nümayiş olunduğu holoqram sahəsi də yer alır.

Pavilyonda rəqəmsal şəkildə təşkil edilən "Yaşıl Türkiyə sərgisi" ilə Türkiyənin yaşıl sərvəti tanıdılır. Sərgi planetin gələcəyi üçün daha yaşıl dünyanın qurulması, sağlam ekoloji mühitin yaradılması, davamlı və tarazlı gələcək üçün biomüxtəlifliyin qorunması və ona ümumi mədəni irs kimi baxılması kimi məsələlərə diqqəti cəlb etmək məqsədi daşıyır.

Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən "Su səmərəliliyi səfərbərliyi"nin təqdim olunduğu stenddə ziyarətçilərə Türkiyədə su itkilərinin azaldılması istiqamətində aparılan işlər haqqında məlumat verilir.

Türkiyə stendində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi tərəfindən hazırlanan "Dünya ortaq evimizdir" ("The World is Our Common Home"), "Türkiyə Kitabı", "Türkiyənin sirləri", "Türkiyənin Yaşıl inkişaf inqilabı", "Azərbaycanın sirləri", "21-ci əsrdə Türkiyənin ekoloji səfərbərliyi" ("Türkiye's Environmental Mobilization in The 21st Century") və "Yaşanıla bilən bir dünya üçün Türkiyənin sıfır tullantı səyahəti" adlı nəşrlərin təbliği həyata keçirilir.

Orxan Vahidoğlu, “İki sahil”