20 noyabr 2024 19:24
87

COP29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda panel müzakirəsi keçirilib

COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” adlı yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə baş tutub.

Paneldə hökumət rəsmiləri, sənaye liderləri və müxtəlif sektorlardan olan maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası mövzusunda müzakirəyə qatılıblar.

Tədbiri giriş sözü ilə açan ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyup bildirib ki, beynəlxalq aviasiya qlobal əlaqə və iqtisadi artım üçün əsas rol oynamağa davam etsə də, ICAO və onun 193 üzv dövləti 2050-ci ilə qədər sektorun xalis sıfır karbon emissiyalarına nail olmaq öhdəliyini götürür: “Aviasiyada ekoloji cəhətdən təmiz yanacağın istehsalı, istifadəsi istiqamətində potensialın artırılmasına, maliyyələşməyə çıxış xüsusi səylər və əməkdaşlıq tələb edəcək”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov çıxışında iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ekoloji cəhətdən təmiz yük dəhlizlərini inkişaf etdirir, beynəlxalq ekoloji standartlara cavab verən aşağı emissiyalı logistikanı və dayanıqlı yükdaşıma əməliyyatlarını dəstəkləyən siyasəti qəbul edir: “Azərbaycan aviasiya sənayesində ekoloji cəhətdən təmiz təcrübələri daha da inkişaf etdirmək və həyata keçirmək üçün beynəlxalq maraqlı tərəflərlə tərəfdaşlığa açıqdır”.

Daha sonra Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyinin Proqram direktoru Məhəmməd Əl-Tayyar çıxışında Səudiyyə Ərəbistanının aviasiya sektorundakı problemləri hərtərəfli həll etmək, eyni zamanda real və davamlı həlləri təmin etmək üçün göstərdiyi səyləri vurğulayıb: “Səudiyyə Ərəbistanının daha dayanıqlı aviasiya sektoruna sadiqliyi onun aşağı karbonlu aviasiya yanacaqlarının tədqiqinə və inkişafına əhəmiyyətli sərmayə qoymasında, həmçinin ICAO kimi tərəfdaşları vasitəsilə beynəlxalq tanınmada özünü göstərir”.

Panel müzakirəsi ICAO Baş katibinin COP üzrə nümayəndəsi Ceyn Hyupun moderatorluğu ilə keçirilib.

Tədbirdə spiker qismində London İmperial Kollecinin professoru Sergey Kravçenko, “Saudi Aramco” şirkətinin vitse-prezidenti Musaab Məhəmməd Əlmulla, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlılıq üzrə baş vitse-prezidenti Mari Ouens Tomsen, Hava Nəqliyyatı üzrə Fəaliyyət Qrupunun (ATAG) icraçı direktoru Haldane Dodd, Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini Nazim Ziyadov və Asiya İnkişaf Bankının (ADB) Nəqliyyat üzrə direktoru Ceyms Leder çıxış ediblər.

Paneldə aviasiya sektorunda emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı qlobal tədbirlərə və ICAO-ya üzv dövlətlərin xalis sıfır (Net Zero) hədəfinə nail olmaq üçün potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Eyni zamanda, bu istiqamətdə beynəlxalq siyasət və çərçivələrin inkişaf etdirilməsi ilə əlaqədar məsələlər akademik dairələr, sənaye, hökumətlər və beynəlxalq təşkilatların diqqət yetirməli olduğu əsas sahələr barədə fikir mübadiləsi aparılıb.