10 sentyabr 2026 21:07
129

“Minilliyin problemi" həll edilib

"OpenAI" şirkəti süni intellekt agentlərinin riyaziyyatın yeddi “minillik problemi”ndən biri hesab olunan Navye–Stoks tənliklərinin həllərinin mövcudluğu və hamarlığı problemini həll etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, şirkətin məlumatına görə, 10 min süni intellekt agentindən ibarət qrup problemi təxminən 88 saata həll edib. Nəticənin Lean interaktiv teorem yoxlama sistemində rəsmiləşdirilməsi və təsdiqlənməsi üçün isə əlavə 17 saat tələb olunub.

"OpenAI" bildirib ki, araşdırmaya sentyabrın 1-də riyaziyyatçılar Tristan Bakmaester və Levent Alpogenin Navye–Stoks tənlikləri ilə bağlı irəliləyiş əldə etməsi barədə yayılan məlumatlardan sonra başlayıb. Şirkətin sözlərinə görə, onun tədqiqatçıları alimlərin işlərinə və konkret istifadəçi məlumatlarına çıxış əldə etməyib.

Lakin Bakmaester və Alpöge "OpenAI"nin onların süni intellekt modellərindən istifadə zamanı əldə etdiyi məlumatlardan dolayı yolla yararlana biləcəyindən narahatdırlar. Bakmaester bildirib ki, onların tədqiqatında "OpenAI"nin GPT-5.6 Sol və GPT-6 Astra modelləri ilə yanaşı, "Anthropic" şirkətinin "Claude" modelindən də istifadə olunub.

Bakmaesterin sözlərinə görə, sentyabrın əvvəlində "OpenAI" ilə aparılan danışıqlar zamanı şirkət onların nəticələrinin necə dərc olunacağı ilə bağlı müxtəlif variantlar təklif edib və Alpogenin müəlliflər sırasından çıxarılmasını istəyib. Alim iddia edir ki, təklifləri qəbul etmədikdən sonra ona “karyerasını məhv etmək” barədə xəbərdarlıq edilib.

Bakmaester bununla belə, "OpenAI"nin onların məlumatlarından birbaşa istifadə etdiyini təsdiqləyən sübutunun olmadığını vurğulayıb.

"OpenAI" isə alimlərin işlərinin modelin təkmilləşdirilməsinə anonim məlumatlar vasitəsilə təsir göstərmiş ola biləcəyini tam istisna etmədiyini bildirib. Şirkət eyni zamanda öz sübutunun alimlərin əldə etdiyi nəticələrdən əhəmiyyətli dərəcədə fərqləndiyini qeyd edib.